Dubayda uçan avtomobillər üçün yol hərəkəti qaydaları HAZIRLANIR
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində uçan avtomobillər üçün yol hərəkəti qaydaları hazırlanır.
Redaktor.az xəbər verir ki, bu barədə Dubay Yol və Nəqliyyat İdarəsinin (RTA) Lisenziyalaşdırma şöbəsinin rəhbəri Əhməd Mahbub “Emarat Al-Youm” qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, mütəxəssislər uçan avtomobillərin hansı nəqliyyat kateqoriyasına aid ediləcəyini, necə qeydiyyata alınacağını və onların istifadəsi üçün hansı infrastrukturun tələb olunacağını müəyyənləşdirəcəklər.
Həmçinin adi sürücülük vəsiqəsi olan şəxslərin bu avtomobilləri idarə edə bilib-bilməyəcəyi də araşdırılır.
Mahbub qeyd edib ki, uçan avtomobillərin istehsalına təxminən 2028-ci ildə başlanıla bilər. Hazırda bu nəqliyyat vasitələri sınaq mərhələsindədir.
O əlavə edib ki, uçan avtomobillərin qanuniləşdirilməsi məsələsi nisbətən yeni olduğundan bu istiqamətdə araşdırmaların aparılması üçün hələ vaxt var. Bununla belə, məsələ Dubay hakimiyyətinin diqqət mərkəzindədir.
NURİYYƏ













