Avropanın təhlükəsizliyi ilə bağlı razılaşma Ukraynada sülhdən sonra əldə oluna BİLƏR
ABŞ Prezidenti Donald Tramp administrasiyası Avropada yeni təhlükəsizlik sisteminin formalaşdırılması və Ukraynada müharibənin başa çatdırılması ilə bağlı danışıqları paralel aparmaq istəyir. Lakin Avropanın təhlükəsizliyinə dair razılaşmanın yalnız Ukrayna münaqişəsinin dayandırılması barədə razılıq əldə edildikdən sonra həyata keçirilməsi nəzərdə tutulur.
Redaktor.az xəbər verir ki, bu barədə Ağ Evin mövqeyi ilə tanış olan mənbəyə istinadən “Axios” nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, ABŞ Avropa ölkələrinin sülh danışıqlarında iştirak etməsinin onların münaqişə başa çatmamış daha geniş təhlükəsizlik sazişini müzakirə etməyə hazırlığını artıracağına ümid edir.
Bildirilib ki, Ukrayna Prezidenti Volodimir Zelenski gələcək təhlükəsizlik təminatlarının necə olacağını bilmədən razılaşmaya getmək istəmir. Rusiya Prezidenti Vladimir Putin də bu məsələyə aydınlıq gətirilməsində maraqlıdır. Bu səbəbdən Avropanın təhlükəsizliyi ilə bağlı müzakirələr xüsusi əhəmiyyət daşıyır.
Mənbənin iddiasına görə, Vaşinqton Avropa və Ukraynanın dəstəkləmədiyi təqdirdə Rusiya ilə təhlükəsizlik sazişi imzalamayacağını Avropa tərəfinə çatdırıb. Həmçinin ABŞ Moskvanın Avropanın təhlükəsizliyi ilə bağlı məsələlərdə veto hüququ əldə etməsinə razı olmayacaq.
Məlumata əsasən, danışıqlar zamanı Rusiya nümayəndələri münaqişənin başlanma səbəblərindən biri kimi 2021-ci ildə Vladimir Putinin ABŞ-nin o zamankı Prezidenti Co Baydenə ünvanladığı məktuba lazımi reaksiyanın verilməməsini göstəriblər. Həmin məktubda Rusiyanın təhlükəsizliklə bağlı narahatlıqları əks olunub.
ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner isə dünyanın 2021-ci ildən bəri xeyli dəyişdiyini bildiriblər.
NURİYYƏ













