Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilməsinin nəticələri AÇIQLANDI
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səsvermə hüququndan məhrum edilməsi Moskva ilə İrəvan arasındakı münasibətlərə ciddi təsir göstərməyəcək. Bununla belə, Ermənistanın Avropaya inteqrasiya kursunu davam etdirməsi iki ölkə arasındakı münasibətlərdə gərginliyi artıran amillərdən biri olaraq qalır.
Redaktor.az xəbər verir ki, bu barədə beynəlxalq hüquq üzrə ekspert, Avropa İnformasiya Mərkəzinin direktoru Nikolay Topornin gazeta.ru-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, Rusiya ilə Ermənistan arasında humanitar, mədəni, iqtisadi, diplomatik və siyasi sahələrdə geniş əlaqələr mövcuddur. Buna görə də Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilməsi iki ölkə arasındakı münasibətlərə əlavə təsir göstərməyəcək.
Ekspert qeyd edib ki, Ermənistan Avropaya inteqrasiya kursundan imtina etmir və bu, Moskva ilə İrəvan arasındakı əlaqələrdə sabitliyi pozan amildir.
Toporninin fikrincə, Rusiya Ermənistanın seçim etməli olduğunu düşünür. Çünki eyni zamanda həm Avrasiya İqtisadi İttifaqında (Aİİ), həm də Avropa İttifaqında (Aİ) təmsil olunmaq mümkün deyil. Onun sözlərinə görə, bu yanaşma son dövrlərdə iki ölkə arasında münasibətlərin soyumasına səbəb olub.
Qeyd edək ki, noyabrın 11-də KTMT ölkələri Ermənistanı təşkilatda səsvermə hüququndan, eləcə də məsul vəzifələrə öz nümayəndələrini təyin etmək imkanından məhrum edib.
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 5-də ölkəsinin artıq KTMT-də maraqlarının qalmadığını bəyan etmişdi.
NURİYYƏ













