Rusiya öz maraqlarına bütün istiqamətlərdə nail olacaq - Putin
Rusiya bütün istiqamətlərdə öz maraqlarına sakit və ardıcıl şəkildə nail olmaq üçün fəaliyyətini davam etdirəcək.
Redaktor.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Bədən Tərbiyəsi və İdmanın İnkişafı Şurasının iclasında bildirib.
Putin xüsusilə digər ölkələrin qanunsuz məhdudiyyətlər tətbiq etdiyi şəraitdə rusiyalı idmançıların beynəlxalq arenada maraqlarının qanuni yollarla müdafiə edilməsinin vacibliyini vurğulayıb.
“Biz öz maraqlarımıza ardıcıl və sakit şəkildə nail olmalıyıq. Bütün istiqamətlərdə məhz belə hərəkət edəcəyik”, – deyə prezident bildirib.
Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Avropa İttifaqı ölkələrinin sülh niyyətlərinə Rusiyanın inanması üçün onların addımlarının ziddiyyətli olmamalı olduğunu bildirib.
Putin daha əvvəl isə Rusiyanın Avropa ilə dialoqu heç vaxt dayandırmadığını, danışıqları avropalıların kəsdiyini bəyan edib.
Xədicə BAXIŞLI













