Çexiya Ukraynaya "dron ovçusu" verməyi planlaşdırır
Çexiya Ukraynaya pilotsuz uçuş aparatlarının ələ keçirilməsi üçün xüsusi versiyası da daxil olmaqla, 16-dək L-39 Skyfox təyyarəsi göndərməyi planlaşdırır.
Redaktor.az xəbər verir ki, bu barədə Çexiyanın ÇTK agentliyi məlumat yayıb.
Məlumata görə, “Drone Hunter” (“Pilotsuz uçuş aparatları ovçusu”) adlanan xüsusi təyyarələr Rusiya dronlarının ələ keçirilməsi üçün nəzərdə tutulub. Onların istismar xərclərinin adi qırıcı təyyarələrlə müqayisədə daha aşağı olacağı bildirilir.
Təyyarələrin Ukraynaya mümkün tədarükü barədə daha əvvəl Çexiyanın baş nazirinin birinci müavini, sənaye və ticarət naziri Karel Havliçek məlumat verib. O, Kiyevə son səfəri zamanı dörd təyyarənin tədarükünün razılaşdırıldığını, daha 12 təyyarənin göndərilməsinin də müzakirə olunduğunu bildirib.
Qeyd edək ki, daha əvvəl Çexiya Prezidenti Petr Pavel Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlarda Avropanın təsir imkanlarını itirmək riski ilə üzləşdiyini açıqlayıb.
Bundan əvvəl isə Pavel və Finlandiya Prezidenti Aleksandr Stubb telefon danışığı apararaq bir sıra məsələləri, o cümlədən Ukraynada mümkün sülh danışıqları ilə bağlı ümumavropa mövqeyinin formalaşdırılması perspektivini müzakirə ediblər.
Xədicə BAXIŞLI













