Avropada Ukrayna ilə bağlı sülh danışıqlarında irəliləyişə inam AZDIR
Avropa ölkələrinin hökumətləri Əbu-Dabidə keçirilən növbəti danışıqlardan sonra Ukraynada münaqişənin sülh yolu ilə həllində ciddi irəliləyiş əldə olunacağına şübhə ilə yanaşırlar.
Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin həmsöhbəti olan avropalı diplomat Rusiyanın tələblərinin dəyişmədiyini bildirib:
“Rusiyanın tələbləri uzun illərdir eşitdiyimiz eyni maksimalist tələblərdir”, – deyə diplomat anonimlik şərti ilə qeyd edib.
Xatırladaq ki, noyabrın 10-11-də Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətlərinin iştirakı ilə üçtərəfli danışıqlar keçirilib. Noyabrın 12-də isə ABŞ Prezidentinin xüsusi nümayəndələri Cared Kuşner və Stiv Uitkoff Kremldə Rusiya Prezidenti Vladimir Putinlə görüşüblər.
Görüşdən sonra ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner Rusiya və Ukraynanın Avropa İttifaqı nümayəndələrinin növbəti danışıqlar mərhələsində iştirak etməsi barədə razılığa gəldiklərini bildirib. Kuşner vurğulayıb ki, hərbi əməliyyatların davamlı dayandırılması üçün etibarlı təhlükəsizlik təminatları, tərəflər arasında sərhədlərin müəyyənləşdirilməsi mexanizmləri və gələcək münaqişə riskini azaldacaq qarşılıqlı gərginliyin azaldılması öhdəlikləri vacibdir.
NURİYYƏ













