Yaponiya hərbi xərclərini 30 faiz azaltmağı planlaşdırır
Yaponiya qarşıdakı beş il ərzində müdafiə xərclərini əhəmiyyətli dərəcədə azaltmağı nəzərdən keçirir. Buna səbəb büdcə məhdudiyyətləridir.
Redaktor.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Yaponiya Maliyyə Nazirliyi müdafiə sahəsinə 50-60 trilyon yen ayrılmasını təklif edir. Bu məbləğ Müdafiə Nazirliyinin və hakim partiyanın hərbi potensialın genişləndirilməsi üçün tələb etdiyi 80 trilyon yendən xeyli azdır.
Büdcənin bu səviyyədə azaldılması silahlanma proqramlarına yenidən baxılmasına səbəb ola bilər. Xüsusilə raketlərin və aviasiya texnikasının, o cümlədən F-35 qırıcılarının satın alınmasının iki dəfəyədək azaldılması gündəmə gələ bilər.
Təklif olunan maliyyələşdirmə səviyyəsi Yaponiyanın müdafiə xərclərini ümumi daxili məhsulun 2 faizinə çatdırmaqla bağlı strateji hədəfinə nail olmasını da çətinləşdirə bilər. Hökumət ilin sonunadək ölkənin hərbi modernləşmə imkanlarını müəyyən edəcək yenilənmiş müdafiə sənədlərini qəbul etməlidir.
NURİYYƏ













