"Seçilmiş danışıqçılar hələ bizimlə əlaqə saxlamayıblar" - Peskovdan Avropa İttifaqına CAVAB
Avropa İttifaqı liderlərinin Rusiya ilə ekspert səviyyəsində danışıqlar aparmaq üçün təsdiqlədiyi nümayəndə heyəti hələlik Moskva ilə heç bir təmas qurmayıb.
Redaktor.az "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin müvafiq sualını cavablandırarkən bildirib.
"France-Presse" agentliyinin məlumatına görə, Dublin sammitində Aİ liderləri Rusiya ilə danışıqlarda iştirak edəcək ortaq nümayəndə heyətinin tərkibini razılaşdırıblar. Heyətə Avropa Komissiyası, Aİ Şurası, Almaniya, Fransa, İtaliya, Polşa, eləcə də ittifaqa daxil olmayan Böyük Britaniyanın təmsilçiləri cəlb edilib.
Xatırladaq ki, noyabrın 10-11-də Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında münaqişədən sonrakı dövrdə yeni kontinental təhlükəsizlik arxitekturasına dair müzakirələr aparılıb. Avropa nümayəndələri Əbu-Dabiyə gəlsələr də, üçtərəfli formatda yer almayıblar və Rusiya tərəfi onlarla təmas qurmayıb. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, avropalılar həmin vaxt "ukraynalılar və amerikalılarla pərdəarxası işləyiblər".
Qeyd edək ki, noyabrın 12-də ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə görüşən Rusiya Prezidenti Vladimir Putin Avropanın proseslərə qoşulmaq cəhdlərinə münasibət bildirərkən avropalıların sülh, yoxsa müharibənin davamını istədikləri barədə qəti qərar verməli olduqlarını vurğulayıb. Kreml münasibətlərin kəsilməsinin təşəbbüskarı olmadığını, lakin dialoqun yalnız səmimi istək və səlahiyyətli nümayəndələr olduğu təqdirdə mümkünlüyünü bəyan edir.
Aminə ŞAHSUVARQIZI













