"Qatarları artıq stansiyadan yola düşüb" - Lavrovdan Avropaya sərt MESAJ
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın Ukrayna münaqişəsi üzrə danışıqlar strategiyasının Prezident Vladimir Putinin 2024-cü ilin iyununda müəyyənləşdirdiyi xüsusi hərbi əməliyyatın hədəflərinə çatması üzərində qurulacağını bildirib.
Redaktor.az "Vesti"yə istinadən xəbər verir ki, Lavrov jurnalist Pavel Zarubinə müsahibəsində Rusiyanın mövqeyinin dəyişməz qaldığını vurğulayıb:
"Danışıqlar xətti prezident tərəfindən 2024-cü ilin iyun ayında formalaşdırılmış və o vaxtdan bəri heç vaxt dəyişməyən xüsusi hərbi əməliyyatın məqsədlərinə çatmaq üçün qurulacaq".
Rusiya XİN rəhbəri Avropa İttifaqının Ukrayna üzrə müzakirələrə qoşulmaq istəyinə də toxunaraq, Qərb ölkələrinin prosesdən kənarda qaldığını qeyd edib. Nazirin sözlərinə görə, avropalılar Ukrayna məsələsi ilə bağlı "qatarlarının artıq stansiyadan yola düşdüyünü" anlayırlar və məhz bu səbəbdən danışıqlarda yer almaq, eləcə də məsələni birbaşa Rusiya Federasiyası ilə müzakirə etmək niyyətlərini ifadə ediblər.
Xatırladaq ki, noyabrın 10-11-də Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında görüş keçirilib. Rusiya Prezidentinin köməkçisi və nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib ki, danışıqların əsas mövzusu Avropanın təhlükəsizlik arxitekturası olub. Eyni zamanda, tərəflər Rusiya və Ukrayna arasında yeni genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər və prosesin konkret şərtlərinin yaxın vaxtlarda açıqlanacağı gözlənilir.
Aminə ŞAHSUVARQIZI













