Fransada tarixi kiberhücum: 22 milyon insanın şəxsi məlumatları ələ keçirildi
Fransanın dövlət poçt operatoru "La Poste" qrupunun rəqəmsal bölməsi olan "Docaposte"un törəmə şirkəti "Maileva"ya qarşı həyata keçirilən irimiqyaslı kiberhücum nəticəsində 22 milyon insanın şəxsi məlumatları oğurlanıb.
Redaktor.az AFP və "Le Figaro" nəşrlərinə istinadən xəbər verir ki, sentyabrın ortalarında baş verən kiberinsidentin miqyası noyabrın 14-də rəsmi şəkildə ictimaiyyətə açıqlanıb.
Məlumata görə, hakerlər "Maileva" platformasından istifadə edən müştəri şirkətlərin yazışma göndərdiyi şəxslərin adlarını, soyadlarını və poçt ünvanlarını ələ keçiriblər. Şirkət rəhbərliyi müştərilərin bank rekvizitlərinin və maliyyə məlumatlarının sızmadığını vurğulayıb.
Qeyd edək ki, "Maileva" platforması şirkətlərə əməkhaqqı qəbzləri, fakturalar, sifarişli məktublar və səhmdar yığıncaqları barədə bildirişlərin elektron idarəolunması və göndərilməsi xidmətini göstərir. 70 mindən çox korporativ istifadəçisi olan platforma vasitəsilə təkcə 2024-cü ildə 180 milyon sənəd göndərilib.
"Le Figaro" yazır ki, məlumat sızması yalnız platformanın birbaşa istifadəçilərinə deyil, həm də "Maileva"nın müştərisi olan sosial mənzil fondları, tibbi laboratoriyalar və səhiyyə müəssisələrindən bildiriş alan milyonlarla vətəndaşa təsir göstərib.
Şirkət hadisə ilə bağlı Fransanın Milli İnformatika və Azadlıqlar Komissiyasına (CNIL) rəsmi məlumat verib və prokurorluğa şikayət ərizəsi təqdim edib. Hazırda faktla bağlı məhkəmə araşdırması aparılır və kiberhücumdan təsirlənən bütün təşkilatlar xəbərdar edilib.
Kibertəhlükəsizlik üzrə mütəxəssislər bu miqyasda məlumat sızmasının kütləvi fişinq və dələduzluq hücumları üçün ciddi zəmin yaratdığını bildirirlər. Fransa mediası baş verən hadisəni 2024-cü ilin əvvəlində "France Travail" məşğulluq agentliyinə edilən hücumla yanaşı, ölkə tarixində qeydə alınan ən böyük şəxsi məlumat sızmalarından biri kimi qiymətləndirir.
Aminə ŞAHSUVARQIZI













