Tramp, "McDonald's" və "Burger King"ə KİBERHÜCUM

 00:00 16.11.2026     41

ABŞ Prezidenti Donald Trampın, eləcə də "McDonald's" və "Burger King" kimi məşhur şirkətlərin sosial şəbəkələrdəki köhnə paylaşımlarında yer alan keçidlərin yönləndirdiyi ünvanlar naməlum şəxslər tərəfindən dəyişdirilib.

Redaktor.az "New York Post"a istinadən xəbər verir ki, hadisə əsasən 2011-2013-cü illərdə "X" (keçmiş "Twitter") platformasında dərc edilmiş paylaşımları əhatə edib.

Belə ki, "Burger King"in restoranlarının ünvanları ilə bağlı paylaşımlarında yerləşdirdiyi keçidlər istifadəçiləri Adolf Hitler və nasist konsentrasiya düşərgələri haqqında məlumatların yer aldığı səhifələrə yönləndirib. "McDonald's"ın paylaşımlarındakı keçidlərdən biri isə 11 sentyabr terror hücumları barədə məlumatların yerləşdirildiyi səhifəyə aparıb.

Donald Trampın hesabında da təxminən 20 köhnə paylaşımda yer alan keçidlərin yönləndirdiyi ünvanların dəyişdirildiyi bildirilir. İstifadəçilər həmin keçidlər vasitəsilə müxtəlif oyun və əyləncə məzmunlarının yerləşdirildiyi səhifələrə yönləndiriliblər.

İlkin ehtimallara görə, hadisə keçidlərin qısaldılması üçün istifadə olunan "Bitly" xidməti ilə əlaqədardır. Naməlum şəxslərin köhnə keçidlərin yönləndirildiyi ünvanları dəyişdirdiyi güman edilir.

Hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil. Sosial şəbəkə hesablarının birbaşa ələ keçirildiyi isə təsdiqlənməyib.

 

Vumart və Güvən reklamı Vumart Güvən