Türkiyədə bağça və ibtidai siniflərdə imtahan keçirilməyəcək - Yeni QƏRAR
Türkiyədə məktəbəqədər təhsil müəssisələrində və ibtidai siniflərdə hər hansı ad altında imtahan keçirilməsinə qadağa qoyulub.
Redaktor.az xəbər verir ki, Türkiyənin Milli Təhsil Nazirliyinin Ölçmə və Qiymətləndirmə Qaydalarına dəyişiklik edilməsi ilə bağlı qərarı “Rəsmi Qəzet”də dərc olunaraq qüvvəyə minib.
Yeni qaydalara əsasən, məktəbəqədər və ibtidai təhsil pillələrində qiymətləndirmənin əsas məqsədi şagirdlərin idraki, fiziki, sosial və emosional inkişaf səviyyəsini izləmək və dəstəkləmək olacaq.
Dəyişikliklərə görə, şagirdlərin təhsil müddətindəki nailiyyətləri tədris proqramlarında nəzərdə tutulan öyrənmə nəticələri, hədəflər və fənnin xüsusiyyətlərinə uyğun qiymətləndirmə vasitələri ilə əldə olunan məlumatlar əsasında müəyyən ediləcək. Qiymətləndirmə nəticələrindən şagirdlər, siniflər, məktəblər və ya regionlar arasında sıralama və müqayisə aparmaq məqsədilə istifadə edilməyəcək.
Bundan başqa, ölçmə və qiymətləndirmə fəaliyyətləri yalnız nazirliyin uyğun hesab etdiyi rəqəmsal sistem və vasitələrlə həyata keçiriləcək. Sualların hazırlanması və qiymətləndirmə proseslərinin səmərəliliyinin artırılması üçün nazirliyin təsdiqlədiyi süni intellekt alətlərindən də istifadə oluna biləcək. Bu zaman fərdi məlumatların məxfiliyinin qorunması nəzərə alınacaq.
Yeni tənzimləmə ilə milli və beynəlxalq monitorinq tədqiqatlarının elektron formada aparılması, şagirdlərin öyrənmə inkişafının izlənilməsində və təhsil siyasətinin formalaşdırılmasında rəqəmsal texnologiyalardan daha səmərəli istifadə edilməsi nəzərdə tutulur.
Rəqəmsal tətbiqlər interaktiv suallardan və multimedia məzmunlarından istifadə etməklə şagirdlərin bacarıqlarının müxtəlif tapşırıqlar vasitəsilə qiymətləndirilməsinə imkan yaradacaq.
Həmçinin Akademik Bacarıqların İzlənilməsi və Qiymətləndirilməsi (ABİDE), dörd bacarıq üzrə türk dili inkişafının monitorinqi, məktəb əsaslı monitorinq və oxu-yazı bacarıqlarına dair tədqiqatlar vahid normativ çərçivədə birləşdirilib.
Bununla yanaşı, Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı (PISA) və Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Tendensiyaların Tədqiqi (TIMSS) proqramlarının həyata keçirilməsinə dair qaydalar yenidən müəyyənləşdirilib.
Qeyd edək ki, dəyişikliklərin əsas məqsədi şagirdlərin inkişafını əsas götürən, texnoloji yeniliklərə uyğunlaşan, ölkə üzrə vahid tətbiq qaydalarını gücləndirən və təhsil siyasətinin elmi məlumatlarla dəstəklənməsinə xidmət edən dayanıqlı qiymətləndirmə sistemi yaratmaqdır.













