Kallas Avropa ölkələrinin Rusiyadan qorxmasından DANIŞDI
Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Avropa ölkələrinin Rusiyaya qarşı qorxusunun Moskvanın əvvəlki hücumları və təhdidləri ilə əlaqəli olduğunu bildirib.
Redaktor.az xəbər verir ki, Kallas bu fikirləri Aİ ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında səsləndirib.
O, “rusofobiya” anlayışını şərh edərək bunun qorxu ilə bağlı olduğunu deyib. Kallasın sözlərinə görə, əvvəllər Rusiyanın hücumlarına məruz qalmış, onunla həmsərhəd olan və Moskvanın təhdidləri ilə üzləşmiş ölkələrin Rusiyadan çəkinməsi başadüşüləndir.
“Rusiyanın hərəkətlərini nəzərə alsaq, əvvəllər hücumlara məruz qalmış, Rusiya ilə həmsərhəd olan və Moskvanın təhdid etdiyi ölkələrin Rusiyadan qorxması aydındır. Buna görə də hesab edirəm ki, qorxu hissi keçirməyiniz tamamilə məntiqlidir və bunu görməzdən gəlmək olmaz. Nəticə etibarilə, vəziyyət belədir”, – Kallas bildirib.
O, həmçinin Aİ-nin Ukraynanın ərazi bütövlüyünün qorunmasını və Rusiyanın məsuliyyətə cəlb edilməsini tələb etdiyini vurğulayıb.
Kallas Ukraynadakı münaqişə ilə bağlı əvvəlcə atəşkəsə nail olunmalı, daha sonra isə sülh sazişi imzalanmalı olduğunu qeyd edib.
Noyabrın 16-da Aİ-nin yaxın günlərdə Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təqdim edəcəyi də açıqlanıb.
Xatırladaq ki, Kallas bu ilin yazında Rusiyanı son 100 ildə Afrika ölkələri nəzərə alınmadan ən azı 19 ölkəyə hücum etməkdə ittiham edib.
Xədicə BAXIŞLI













