İrandakı su bəndlərinin arxasında dayanan hərbi sirr - ABŞ və İsrail niyə bu obyektləri hədəf alır?

 18:27 17.11.2026     38

İranda illərdir yüzlərlə su bəndinin inşa edilməsinin arxasında hərbi strategiya dayana bilər.

Redaktor.az-ın xəbərinə görə, bu barədə "New York Times" nəşrinin dərc etdiyi araşdırma yazısında bəhs edilir.

Məqalədə bildirilir ki, ABŞ və İsrailin həyata keçirdiyi hava hücumlarının hədəfləri ilə ölkədəki bəndlərin yerləşdiyi nöqtələri müqayisə edən mütəxəssislər diqqətçəkən bir oxşarlıq aşkar ediblər. Belə ki, bəzi su layihələri İranın dağların altında inşa etdiyi gizli raket bazalarının enerji və su ehtiyaclarını ödəmək üçün hazırlanmış ola bilər.

Qeyd edilir ki, İranın illərdir həyata keçirilən nəhəng su bəndi və su infrastrukturu layihələri beynəlxalq ictimaiyyətdə yeni müzakirə mövzusu olub. Ehtimal edilir ki, ölkədəki bəzi bəndlər yalnız kənd təsərrüfatı suvarması və elektrik enerjisi istehsalı üçün deyil, həmçinin yeraltı hərbi obyektləri dəstəkləmək məqsədilə də tikilib.

Araşdırmanın ən maraqlı detalı isə ABŞ və İsrailin İrandakı hərbi hədəflərə hücumları ilə bəndlərin coğrafi bölgüsü arasındakı oxşarlıqdır.

Almaniyanın Hamburq Texnologiya Universitetinin su təhlükəsizliyi üzrə mütəxəssisi Nima Şokri və komandası bütün İran boyunca ən azı 533 bəndin olduğunu müəyyən ediblər. Mütəxəssislər illərdir ölkədə, xüsusən də su ehtiyacının məhdud göründüyü bölgələrdə niyə bu qədər çox bənd və su nəqli layihəsinin həyata keçirildiyini araşdırırlar.

Şokri ABŞ və İsrailin hücumlarının həyata keçirildiyi nöqtələri göstərən xəritə ilə bəndlərin mövqelərini müqayisə etdikdə, iki xəritənin olduqca oxşar olduğunu görüb. Lakin tədqiqatçılar vurğulayırlar ki, təkcə coğrafi yaxınlıq birbaşa əlaqəni sübut etmir.

Yazıda vurğulanır ki, İranın uzun illərdir inkişaf etdirdiyi yeraltı hərbi obyektlər ölkənin müdafiə strategiyasının əhəmiyyətli bir hissəsini təşkil edir.

Tehran rəhbərliyinin "raket şəhərləri" adlandırdığı bu obyektlər dağların dərinliklərində tikilən möhkəmləndirilmiş tunellərdən və kameralardan ibarətdir.

Bu komplekslərdə uzaqmənzilli ballistik raketlərin və pilotsuz uçuş aparatlarının saxlanması, yerləşdirilməsi və istehsalı üçün infrastrukturu mövcuddur.

Vaşinqton İnstitutunun eksperti Farzin Nadiminin qiymətləndirməsinə görə, bütün İran ərazisində ən azı 30 yeraltı hərbi obyekt var.

Onların fəaliyyətlərini davam etdirə bilmələri üçün isə etibarlı su və elektrik mənbələrinə ehtiyac duyulur ki, bu da bəndlər və hərbi infrastruktur arasında mümkün əlaqə ilə bağlı şübhələri artırır.

Eyni zamanda "New York Times"ın araşdırmasında təkcə bəndlərdən deyil, həmçinin İranda 2018-ci ildə həbs olunmuş ətraf mühit və vəhşi təbiəti mühafizə mütəxəssislərinin başlarına gələnlərdən də danışılır.

İran İslam İnqilab Keşikçiləri Korpusu (SEPAH) tərəfindən nəzarət altına alınan bəzi ekoloqlar həssas hərbi ərazilərdə tədqiqat aparmaqda ittiham olunmuşdular. Araşdırmada da bu məqama diqqət çəkilib ki, ətraf mühitin mühafizəsi üzrə işlər fərqində olmadan gizli hərbi obyektlərin yaxınlığında aparılmış ola bilər.

Nəşrin məlumatına görə, İran Xarici İşlər, Energetika nazirlikləri və bənd layihələrində də rol alan SEPAH araşdırma çərçivəsində verilən sualları cavablandırmayıblar.

Vumart və Güvən reklamı Vumart Güvən