Fransa Ukraynada hərbçilərinin olduğunu təsdiqlədi
Fransanın müdafiə nazirinin müavini Alis Ryüfo ölkəsinin hərbi qulluqçularının Ukrayna ərazisində olduğunu təsdiqləyib.
Redaktor.az xəbər verir ki, o, bu barədə Fransa Milli Assambleyasında hökumət saatı zamanı danışıb. Onun açıqlamasını TASS yayıb.
Ryüfonun sözlərinə görə, söhbət Fransanın Konstitusiyasının 35-ci maddəsində nəzərdə tutulan hərbi müdaxilədən və münaqişədə birbaşa iştirakdan getmir.
“Bu qüvvələr cəbhə xəttindən xeyli uzaqda fəaliyyət göstərir və döyüş əməliyyatlarında heç bir şəkildə birbaşa iştirak etmirlər”, – nazir müavini bildirib.
O, Ukraynada olan fransalı hərbçilərin Kiyevin tərəfində döyüşmək niyyətində olmadıqlarını vurğulayıb. Ryüfonun sözlərinə görə, onların sayı “olduqca məhduddur”. Lakin kontingentin dəqiq sayı açıqlanmayıb.
Qeyd edək ki, daha əvvəl Fransa hərbçilərinin ən azı 2026-cı ilin yayından etibarən Ukraynada gizli şəkildə olduğu barədə məlumatlar yayılıb. “RFI” radiosunun məlumatına görə, söhbət “İradə” adlı missiyadan gedir. Hərbçilər Ukrayna əsgərlərinin hazırlanması və hərbi texnikaya texniki xidmət göstərilməsi ilə məşğul olurlar.
Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippo isə fransalı hərbçilərin Ukraynada gizli mövcudluğu barədə məlumatların yayılmasından sonra Prezident Emmanuel Makronun siyasətini tənqid edib.
Xədicə BAXIŞLI













