Dünyada üç aylıq internet və elektrik kəsintisi ilə bağlı şayiələrin mənbəyi AÇIQLANDI

 22:15 17.11.2026     43

Noyabrın 17-dən etibarən dünyada üç ay müddətinə elektrik enerjisinin və internetin kəsiləcəyi barədə yayılan iddiaların necə ortaya çıxdığı məlum olub.

Redaktor.az xəbər verir ki, bu barədə şəhər əfsanələrini araşdıran “Snopes” saytı məlumat yayıb.

Nəşrin yazdığına görə, “qlobal kəsinti” ilə bağlı konspirasiya nəzəriyyəsi sentyabrın 16-da ABŞ-də noyabrın 17-də Fövqəladə Hallar üzrə Xəbərdarlıq Sisteminin (EAS) sınağının keçiriləcəyinin elan olunmasından sonra yaranıb.

Təxminən eyni vaxtda Avropa İttifaqı (Aİ) böhran vəziyyətində vətəndaşlara 72 saatlıq ərzaq və dərman ehtiyatı saxlamağı tövsiyə edib. Bundan əlavə, “Simpsonlar” cizgi serialının bəzi izləyiciləri 2023-cü ildə yayımlanan “It's a Blunderful Life” adlı bölümdə noyabrın 17-də böyük elektrik kəsintisinin baş verəcəyinin qeyd olunduğuna diqqət yetiriblər. Həmin bölümdə isə hadisənin hansı ildə baş verəcəyi göstərilməyib.

Konspirasiya nəzəriyyəsinin tərəfdarları cizgi filmindəki səhnə ilə guya yaxınlaşan fəlakətin tarixi arasında dəqiq uyğunluq olduğunu iddia ediblər.

“Snopes” yazır ki, noyabr ayında “Microsoft” tətbiqlərinin işində yaranan nasazlıqlar, eləcə də ABŞ-də kommunikasiya xətlərində aparılan təmir işləri səbəbindən 15 min aviareysin təxirə salınması və ya ləğv edilməsi bu şayiələrin daha geniş yayılmasına səbəb olub.

Nəticədə internetdə noyabrın 17-dən etibarən bütün dünyada elektrik enerjisinin və internetin üç ay müddətinə kəsiləcəyi, bunun isə qlobal xaosa səbəb olacağı barədə məlumatlar yayılmağa başlayıb.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən