Almaniyada hökumətin fəaliyyətindən razı olanların sayı 12 faizə DÜŞÜB

 22:53 17.11.2026     39

Almaniya kansleri Fridrix Mertsin rəhbərlik etdiyi hökumətin fəaliyyətindən ölkə sakinlərinin yalnız 12 faizi razıdır.

Redaktor.az xəbər verir ki, bu barədə RTL və NTV telekanallarının sifarişi ilə “Forsa” sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələrində bildirilib.

Sorğuda iştirak edənlərin 86 faizi hökumətin fəaliyyətindən narazı olduğunu bildirib. Eyni göstərici kansler Fridrix Mertsə münasibətdə də qeydə alınıb. Respondentlərin yalnız 12 faizi onun fəaliyyətini müsbət qiymətləndirib.

İştirakçıların 62 faizi hesab edir ki, kansler liderlik keyfiyyətlərinə malik deyil və koalisiya daxilində qarşıya qoyduğu məqsədləri həyata keçirə bilmir.

Qeyd edək ki, noyabrın 7-də keçirilən başqa bir sorğuda respondentlərin 82 faizinin Mertsin fəaliyyətindən narazı olduğu bildirilmişdi.

Oktyabrın əvvəlində “Ipsos-Politikmonitor” sorğusu isə Almaniya vətəndaşlarının əksəriyyətinin Mertsin istefasını dəstəklədiyini göstərib. Araşdırmaya əsasən, respondentlərin 44 faizi kanslerin hökumət başçısı və Xristian Demokrat İttifaqının (XDİ) lideri vəzifəsindən getməli olduğu fikri ilə tam razılaşıb. Daha 14 faiz isə bu fikrə qismən tərəfdar olduğunu bildirib.

Buna baxmayaraq, Fridrix Merts kansler vəzifəsindən istefa verməkdən imtina edib.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən