İran rejiminin cəzasız qalmasına imkan verməyəcəyik - Fransa xarici işlər naziri
“İran xalqına qarşı repressiyalarda iştirak edən şəxslərə sanksiyalar tətbiq etmişik və etməyə davam edəcəyik. Yeni sanksiyalar paketi İran xalqına qarşı repressiyalara görə məsuliyyət daşıyan qurumları, xüsusilə də İran İslam Respublikasının məhkəmə sistemini hədəf alacaq”.
Redaktor.az xəbər verir ki, bunu Fransa xarici işlər naziri Jan-Noel Barro deyib.
“Yanvar ayında İranda keçirilən etiraz aksiyaları zamanı öldürülənlər arasında uşaqlar, qadınlar və kişilər də olub. ABŞ və İsrailin İrana qarşı müharibəsi və Hörmüz boğazının bağlanması İran rejiminin öz xalqına qarşı həyata keçirdiyi repressiyaları unutmağımıza səbəb olmamalıdır”, - o bildirib.
Fransanın xarici işlər naziri qeyd edib ki, İran rejiminin öz xalqına qarşı törətdiyi cinayətlərin cəzasız qalmasına imkan verməyəcəklər.
Jan-Noel Barro BMT Baş Assambleyasında İranda insan hüquqlarının vəziyyəti ilə bağlı qətnamənin qəbul edilməsinə də çağırıb: “Elə bu gün BMT Baş Assambleyasında İranda insan hüquqlarının vəziyyəti ilə bağlı qətnamə qəbul etməli və bu qətnamə əsasında İran xalqına qarşı törədilmiş cinayətləri insanlıq əleyhinə cinayətlər kimi tanımalıyıq”.
Nazir 2026-cı ilin yanvar ayında İranda keçirilən etiraz aksiyaları zamanı qadınların, kişilərin və uşaqların öldürülməsinə toxunaraq, Fransanın İran xalqının azadlıq uğrunda mübarizəsinə dəstəyini vurğulayıb.
Həmçinin Fransanın İranda vətəndaş cəmiyyətini, gəncləri, tələbələri və insan hüquqları müdafiəçilərini dəstəklədiyini söyləyib.
Xarici işlər naziri İran xalqının mübarizəsini “cəsarətli və ləyaqət dolu” adlandıraraq əlavə edib: “Ədalət olmadan sülh, həqiqət olmadan isə ədalət mümkün deyil”.













