Trampa sui-qəsd hazırlayan şəxsə 27 ildən çox həbs cəzası verildi
ABŞ Prezidenti Donald Tramp da daxil olmaqla, bir neçə yüksəkrütbəli amerikalı siyasətçiyə qarşı sui-qəsd planlaşdırmaqda təqsirləndirilən Pakistan vətəndaşı Asif Merçant 27 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Redaktor.az “Reuters”ə istinadən xəbər verir ki, terrorizm və muzdlu qatil tutmaq ittihamları ilə Nyu-Yorkun Bruklin rayonundakı federal məhkəmə qarşısına çıxarılan A.Merçant muzdlu qatil tutmaqda təqsirli bilinib.
Təqsirləndirilən şəxsin vəkili Avraham Moskovits məhkəmənin qərarından apelyasiya şikayəti verməyi planlaşdırdıqlarını açıqlayıb.
ABŞ Baş prokuroru Todd Blanş isə hökmü ədalətli adlandıraraq bildirib ki, Ədliyyə Nazirliyi ölkə liderlərinə qarşı yönəlmiş xarici terror fəaliyyətlərinə heç bir halda dözümlü yanaşmayacaq və günahkarların məsuliyyətə cəlb olunması üçün səylərini davam etdirəcək.
Xatırladaq ki, ABŞ Ədliyyə Nazirliyi 2024-cü il avqustun 7-də Asif Merçanta ölkə ərazisində siyasi sui-qəsdlər hazırlamaqla bağlı rəsmi ittiham irəli sürmüşdü. Federal rəsmilərin açıqlamasına əsasən, o, 2024-cü ilin iyun ayında planı icra edəcək şəxsləri işə götürmək məqsədilə Nyu-Yorka gedib və iki sui-qəsdçiyə 5 min dollar məbləğində avans ödəyib.
İstintaq zamanı A.Merçant sui-qəsd planının İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli şəxslər tərəfindən hazırlandığını iddia edib. Onun sözlərinə görə, sifarişçilər əsas hədəflər kimi Donald Trampı, ABŞ-nin keçmiş Prezidenti Co Baydeni və ölkənin BMT-dəki sabiq daimi nümayəndəsi Nikki Heylini göstəriblər.













