"Ya mən onları məhv edəcəm, ya da onlar məni" - Müxalifəti hədələdi

 18:55 19.11.2026     21

Ermənistanın Baş naziri Nikol Paşinyan müxalif parlament qüvvələrinə əvvəlki təklifini yenidən səsləndirib və onlardan bir sıra məsələlərə aydınlıq gətirmələrini tələb edib.

Redaktor.az Ermənistan mediasına istinadən xəbər verir ki, Paşinyan bu barədə noyabrın 19-da hökumətin iclasından sonra keçirdiyi brifinqdə danışıb.

Xatırladaq ki, Paşinyan daha əvvəl müxalifətə yeni Konstitusiya layihəsinin referendumla qəbul edilməsi ilə bağlı təklif irəli sürüb. Onun təklifinə görə, müxalifətin razılığı ilə Konstitusiya layihəsi ümumxalq səsverməsinə çıxarılacaq.

Əgər xalq referendumda “xeyr” deyərsə, Paşinyan istefa verəcək. “Bəli” cavabı veriləcəyi təqdirdə isə o, sülh prosesini məntiqi sonluğuna çatdıracaq və növbəti parlament seçkilərində baş nazir postuna namizədliyini irəli sürməyəcək.

Beləliklə, Paşinyanın təklif etdiyi ssenariyə əsasən, o, istənilən halda baş nazir vəzifəsindən gedəcək. Bu isə hakimiyyətdə qalma müddətinə görə Ermənistan siyasi tarixində görünməmiş hadisə ola bilər.

Paşinyan müxalifətdən bu təklifə razılıq verməsini tələb edir. Onun sözlərinə görə, müxalifətin razılığı onun hakimiyyətdən getməsini istədiyini, başqa məqsəd güdmədiyini göstərəcək.

“Məni aradan götürməsələr, mən onları aradan götürəcəyəm”, - deyə Paşinyan üstüörtülü mesaj verib.

Baş nazir bu fikrini necə həyata keçirəcəyinə dair suala cavabında bildirib ki, müxalifət təklifi rədd edərsə, bu, onun sülh gündəliyinə mane olmaq istədiyi anlamına gələcək. Belə olan halda hakimiyyət növbədənkənar seçkilərə gedəcək.

Paşinyan əlavə edib ki, hazırda parlamentdə təmsil olunan iki siyasi qüvvənin növbəti seçkilərdə parlamentə düşə bilməyəcəyini düşünür.

Baş nazir “Ermənistan” və “Güclü Ermənistan” fraksiyalarından bir sıra məsələlərə də münasibət bildirmələrini istəyib. O, müxalifət nümayəndələrindən vahid Ermənistan ideyasını dəstəkləyib-dəstəkləmədiklərini, ermənilərin Qarabağa qayıtmasını, eləcə də Azərbaycandan köçmüş ermənilərin geri dönməsini tələb edib-etmədiklərini soruşub.

Paşinyan xalqa müraciətini nə vaxt edəcək?

Ermənistanın baş nazirindən xalqa müraciətlə nə vaxt çıxış edəcəyi də soruşulub. Paşinyan bildirib ki, müraciətin mətni hələ yazılmayıb. Onun sözlərinə görə, bu müraciət üçün ən münasib məqam seçiləcək və mətn həmin vaxt ictimaiyyətə təqdim olunacaq.

Əliyevlə görüşdə hansı məsələlər müzakirə olunub?

Azərbaycan Prezidenti İlham Əliyevlə son görüşünün mövzusuna toxunan Paşinyan bildirib ki, hazırda yalnız Azərbaycanla deyil, Türkiyə, İran, Gürcüstan və bütövlükdə beynəlxalq ictimaiyyətlə də iş aparılır.

Baş nazirin sözlərinə görə, məqsəd baş verən proseslərin mahiyyətinin və əhəmiyyətinin beynəlxalq səviyyədə anlaşılmasını təmin etməkdir.

N.Paşinyan qeyd edib ki, hazırda cərəyan edən proseslər Ermənistan-Azərbaycan münasibətləri çərçivəsindən daha geniş miqyas daşıyır.

Baş nazir postundan gedəndən sonra siyasətdə qalacaq?

Paşinyan özünün gələcək siyasi karyerası ilə bağlı suala da cavab verib.

O bildirib ki, məntiqlə, “Vətəndaş Müqaviləsi” partiyasının sədri vəzifəsini baş nazirliyə namizəd olan şəxs tutmalıdır.

Bununla belə, Paşinyan siyasətdən tamamilə gedib-getməyəcəyi barədə konkret fikir bildirməyib. O, bu suala cavab verərkən fəlsəfi mülahizələrə üstünlük verib, ümumiyyətlə, siyasətdən getməyin nə demək olduğunu və müsahibənin özünün siyasi fəaliyyət hesab edilib-edilməyəcəyini müzakirəyə çıxarıb.

Vumart və Güvən reklamı Vumart Güvən