Tramp İrana qarşı yeni hərbi əməliyyatla bağlı tələsmədiyini BİLDİRDİ
ABŞ Prezidenti Donald Tramp İranla bağlı hərbi əməliyyatın yenidən başlanması barədə tələsik qərar verməyəcəyini açıqlayıb. O, mümkün addımlarla bağlı yeni ilin əvvəlindən sonra vəziyyəti qiymətləndirəcəyini bildirib.
Redaktor.az xəbər verir ki, Tramp bu barədə “Axios” nəşrinin sualını cavablandırarkən danışıb.
“İranla bağlı hər hansı qərar verməyə tələsmirəm. Yeni il başlayandan sonra nələrin baş verəcəyinə baxacağıq”, – deyə ABŞ lideri bildirib.
“Axios” xatırladır ki, fevralda münaqişənin başlamasına bir gün qalmış da Tramp heç bir qərar vermədiyini bildirmişdi. Lakin həmin vaxt ABŞ lideri artıq İrana zərbələr endirilməsi barədə əmr vermişdi.
Nəşrin yazdığına görə, Tramp hazırda dəniz blokadasının təsirini artırmağa və iqtisadi təzyiq kampaniyasını gücləndirməyə üstünlük verə bilər. Bununla yanaşı, Tehran ilin sonunadək güzəştə getməsə, ABŞ Konqresinin yeni tərkibi fəaliyyətə başlayana qədər hərbi zərbələr endirmək imkanını özündə saxlamaq niyyətində də ola bilər.
Qeyd edək ki, daha əvvəl “The New York Times” qəzeti Trampın yeni kəşfiyyat məlumatları və İsrailin çağırışları əsasında İrana növbəti zərbələr endirmək planlarını nəzərdən keçirdiyini yazıb.
Xatırladaq ki, noyabrın 19-da ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpin Çinin Şençjen şəhərində üçtərəfli görüş keçiriblər. Danışıqların yekununda sülh haqqında bəyannamə qəbul edilib.
Xədicə BAXIŞLI













