Ukrayna NATO-ya üzvlük qarşılığında ərazi itirə bilər
ABŞ Ukraynanın Donbas ərazilərini Rusiyaya güzəştə getməsi müqabilində NATO-ya üzvlüyü məsələsini müzakirəyə çıxarıb.
Redaktor.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti məsələ ilə tanış mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ rəsmiləri iki mümkün ssenari irəli sürüblər. Birinci variant Ukraynanın Donbasda nəzarətində olan əraziləri Rusiyaya verməsi müqabilində NATO-ya tamhüquqlu üzv qəbul edilməsini nəzərdə tutur.
İkinci ssenari isə cəbhə xətti boyunca münaqişənin dondurulmasını, Kiyevə ABŞ və ehtimal ki, Avropa müttəfiqləri tərəfindən beynəlxalq müqavilə əsasında təhlükəsizlik zəmanətlərinin verilməsini ehtiva edir.
Məlumata görə, bu məsələ son aylarda ABŞ Prezidentinin nümayəndəsi Cared Kuşner və Stiv Uitkofun Avropa rəsmiləri ilə apardığı müzakirələrdə gündəmə gətirilib. Kuşner ötən həftə Dublində Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa rəsmiləri ilə görüşündə də bu ehtimalı müzakirə edib.
Mövzu Birləşmiş Ərəb Əmirliklərində Ukrayna, Avropa və Rusiya nümayəndələrinin iştirakı ilə keçirilən danışıqlarda da qaldırılıb.
ABŞ rəsmisi tərəflərin müxtəlif variantları nəzərdən keçirdiyini, lakin yekun razılaşmanın əldə olunması üçün həm Ukraynanın, həm də Rusiyanın razılığının vacib olduğunu bildirib.
WSJ-nin yazdığına görə, Əbu-Dabidəki danışıqlarda Moskva Ukraynanın NATO-ya üzvlük istəyinin Konstitusiyadan çıxarılmasını, alyansın Ukrayna ərazisində hərbi qüvvə yerləşdirməməsini və Qərbin Kiyevə silah tədarükünü dayandırmasını tələb edib. Avropalı danışıqlar iştirakçıları bu tələbləri maksimalist kimi qiymətləndiriblər.
Aytəkin TOFİQQIZI













