"Yaxın Şərqdəki təhlükəsizliyimizi təmin edə bilmədi" - Fidandan NATO ilə bağlı sərt AÇIQLAMA

 11:48 20.11.2026     33

Türkiyənin xarici işlər naziri Hakan Fidan Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) yaratdığı təhlükəsizlik sisteminin rəsmi Ankaranı Yaxın Şərqdən qaynaqlanan təhdidlərdən qoruya bilmədiyini bəyan edib.

Redaktor.az "Türkiye" qəzetinə istinadən xəbər verir ki, nazir bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Plan və Büdcə Komissiyasındakı müzakirələr zamanı danışıb.

Hakan Fidan qeyd edib ki, Türkiyə NATO-nun mühüm üzvü olsa da, təşkilatın formalaşdırdığı Avropa təhlükəsizlik arxitekturası Yaxın Şərq regionunu əhatə etmir. Onun sözlərinə görə, Ankara uzun illərdir məhz İraq və Suriyadan gələn təhdidlərlə üz-üzə qalır.

Nazir ölkəsinin strateji yanaşmasını belə izah edib:

"Türkiyə NATO-nun vacib üzvüdür, lakin NATO-nun Avropada yaratdığı təhlükəsizlik sistemi Yaxın Şərqdəki təhlükəsizliyimizi təmin edə bilməyib, çünki maraqlarımız digər strateji bölgələrə də şamil olunur".

H.Fidan həmçinin vurğulayıb ki, Avropa təhlükəsizlik sistemi uzun müddət NATO-nun mövcudluğuna əsaslansa da, Türkiyənin mövqeyi Avropa hüdudlarından kənardakı vəziyyətin də nəzərə alınmasını tələb edir.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən