Rubinyan Konstitusiyada Azərbaycana qarşı ərazi iddiasının olduğunu etiraf ETDİ
“Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü qarşılıqlı tanıdığı şəraitdə Müstəqillik Bəyannaməsinə istinadın yeni Konstitusiyaya daxil edilməsi məntiqli deyil”.
Redaktor.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Ruben Rubinyan deyib.
Spiker mövqeyini onunla əsaslandırıb ki, Ermənistanın Müstəqillik Bəyannaməsində Ermənistan və Azərbaycanın Qarabağ bölgəsinin “birləşdirilməsindən” bəhs olunur.
Rubinyanın sözlərinə görə, Ermənistan və Azərbaycan Almatı Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü tanıyır:
“Biz də deyirik ki, bunu ora daxil etmək istəmirik, çünki biz bir-birimizin ərazi bütövlüyünü tanıyırıq və Konstitusiyamızın preambulasında “Qarabağ Ermənistandır və nöqtə” ifadəsini yazmaq istəmirik”.
Müstəqillik Bəyannaməsinə istinadın saxlanılmasını tələb edən müxalifətə müraciət edən Rubinyan soruşub ki, bu tələbin arxasında Ermənistan və Qarabağın “birləşdirilməsi” məqsədi dayanırmı? O əlavə edib ki, yeni Konstitusiyada bəyannaməyə istinadın olmaması həmin sənədin tarixi fakt kimi aradan qaldırılması demək deyil.













