“Kiyevdə dron zərbəsindən sonra 14 nəfərlə əlaqə kəsilib” - Zelenski
Rusiya ordusunun Kiyev vilayətinin Dımer qəsəbəsində beşmərtəbəli yaşayış binasına endirdiyi dron zərbəsindən sonra 14 nəfərlə əlaqə kəsilib, onların dağıntılar altında qaldığı ehtimal olunur.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, hadisə yerində axtarış-xilasetmə işləri davam edir, 9 nəfər təxliyə olunub və yanğın söndürülüb. Bundan başqa, Zaporojyedə yaşayış binalarına aviabomba zərbəsi nəticəsində bir uşaq yaralanıb.
V.Zelenski bu həftə Ukraynanın 20 regionuna təxminən 2 700 dron, 1 460-a yaxın aviabomba və 165 raket atıldığını bildirib. O qeyd edib ki, zərbələrdə istifadə olunan ballistik raketlər arasında Şimali Koreya istehsalı olan raketlər də var.
Dövlət başçısı PURL proqramı çərçivəsində tərəfdaşlar tərəfindən pulu ödənilmiş "Patriot" raketlərinin Ukraynaya verilməsinə ABŞ-nin icazə verməsinin vacibliyini vurğulayıb.













