Tramp Putinlə dostluq nümayiş etdirərək Avropada parçalanma yaratmağa çalışır - KİV
ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə dost münasibətlər nümayiş etdirməsi Avropa ölkələri arasında fikir ayrılıqlarını dərinləşdirmək məqsədi daşıya bilər. Bu qənaətə Çinin “Sohu” qəzeti gəlib.
Redaktor.az xəbər verir ki, nəşr Trampın Putinlə birgə fotosunu sosial şəbəkədə “Dostum” qeydi ilə paylaşmasına diqqət çəkib. Qəzet hesab edir ki, ABŞ prezidentinin bu cür jestləri əvvəlcədən düşünülmüş siyasi strategiyanın tərkib hissəsi ola bilər.
Məqalədə qeyd olunub ki, şəxsi görüş zamanı xoş münasibət nümayiş etdirilməsi, internetdə eyni üslubun qorunması və Ağ Evə manevr imkanının saxlanılması dəqiq hesablanmış addımlardır. Nəşr bunu sadəcə sərbəst ritorika deyil, planlaşdırılmış “dostluq diplomatiyası” kimi qiymətləndirib.
“Sohu”nun fikrincə, Tramp bu yolla Avropa ölkələri arasında fikir ayrılıqlarını gücləndirməyə, Rusiya ilə özü üçün əlverişli razılaşmalara nail olmağa və şəxsi siyasi imicini möhkəmləndirməyə çalışır.
Xədicə BAXIŞLI













