ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq ETDİ
ABŞ Maliyyə Nazirliyi İranla əlaqəli onlarla təşkilat və fiziki şəxsi əhatə edən yeni sanksiya paketi elan edib. Məhdudiyyətlər əsasən Vaşinqtonun İran rejiminin “neft üzrə etibarlı şəxsləri” adlandırdığı şəxslərə şamil olunub.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin rəsmi saytında məlumat verilib.
Nazirliyin məlumatına görə, həmin şəxslər İran neftinin xaricə satışından əldə olunan gəlirlərin toplanmasına cavabdeh olublar. Lakin bəzi hallarda vəsaitlərin bir hissəsini mənimsəyiblər.
Sanksiya siyahısına SEPAH-ın keçmiş kəşfiyyat zabiti Məhəmməd Cavad Bəvənd də daxil edilib. İddialara görə, o, İranın üçüncü ölkələrdə yerləşdirilmiş neft gəlirlərinin geri qaytarılması üzrə işləri əlaqələndirib.
Məhdudiyyətlər İran Futbol Federasiyasının prezidenti Mehdi Tacın qardaşı Məcid Taca da şamil olunub. Siyahıda SEPAH briqada generalının oğlu Məhəmmədhüseyn Sərvati də yer alıb. O, İran neftinin Çin neft emalı zavodlarına çatdırılması üçün vasitəçilik edən şirkətlərdə rəhbər vəzifələr tutub.
Sanksiyaya məruz qalan digər şəxs “Mahan Air” aviaşirkətinin rəhbərinin oğlu Müctəba Ərəbnejaddır. ABŞ Maliyyə Nazirliyinin iddiasına görə, o, aviaşirkət üçün təyyarə ehtiyat hissələrinin alınmasında iştirak edib və neft satışının bir hissəsinə nəzarət edib.
ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib ki, İran rejimi ölkə vətəndaşlarının maraqlarından daha çox öz maraqlarını üstün tutur. Onun sözlərinə görə, bu, adi iranlıların çörək və yanacaq çatışmazlığı ilə üzləşdiyi bir vaxtda da davam edir.
Bessent həmçinin İranın dənizdəki neft ehtiyatlarının tükəndiyini və ölkənin artıq satdığı xammaldan əldə olunan gəliri heç vaxt ala bilməyəcəyini qeyd edib. Nazir vəziyyəti “Gəmi batır” ifadəsi ilə xarakterizə edib.
Yeni məhdudiyyətlər Vaşinqtonun avqust ayında başladığı “İqtisadi təcrid” əməliyyatı çərçivəsində tətbiq olunub. Əməliyyatın məqsədi ABŞ hakimiyyətinin fikrincə, Tehrana sanksiyalardan yayınmağa və fəaliyyətini maliyyələşdirməyə imkan verən qalan maliyyə kanallarını bağlamaqdır.
Xədicə BAXIŞLI













