Estoniya Rusiya ilə sərhədi niyə bağlayır? - XİN başçısından AÇIQLAMA
Estoniyanın Rusiya ilə sərhədini bağlamaq qərarı rəsmi Moskvanın sanksiyalardan yayınmasının qarşısını almaq və Rusiya xüsusi xidmət orqanlarının xarici əməliyyatlarını məhdudlaşdırmaq məqsədi daşıyır.
Redaktor.az xəbər verir ki, bu fikirləri Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna "Politico" nəşri üçün qələmə aldığı məqalədə səsləndirib.
Nazir sərhəd məhdudiyyətlərinin tətbiqinin strateji əhəmiyyətini belə izah edib:
"Bu qərar düşmən kəşfiyyat fəaliyyətləri üçün imkanları məhdudlaşdıracaq. Bu, həmçinin sanksiyalardan yayınmaq üçün kanalların bağlanmasına kömək edəcək ki, bu da Rusiyanın resurslara çıxışını məhdudlaşdırmaq üçün vacibdir".
M.Tsaxkna əmin olduğunu bildirib ki, yalnız rəsmi Moskvaya göstərilən təzyiq Ukraynadakı münaqişənin həllinə gətirib çıxara bilər.
Xatırladaq ki, noyabrın 15-də Estoniyanın Baş naziri Kristen Mixal Rusiya ilə bütün sərhəd-keçid məntəqələrinin dekabrın 1-dən etibarən bağlanacağını elan edib.
Rusiya Xarici İşlər Nazirliyi Tallinin bu addımını qarşıdurma kimi qiymətləndirib və Estoniyanın müvəqqəti işlər vəkili nazirliyə çağırılıb. Qeyd olunur ki, Estoniyanın bu addımından sonra Latviya da Rusiya ilə sərhədini bağlamaq variantını nəzərdən keçirməyə başlayıb.
Aminə ŞAHSUVARQIZI













