NATO hava hadisəsindən sonra Polşaya müşahidə təyyarələri GÖNDƏRDİ
NATO hava məkanının pozulması ilə bağlı insidentdən sonra Polşaya havada erkən xəbərdarlıq və nəzarət sistemi (AWACS) təyyarəsi yerləşdirib.
Redaktor.az xəbər verir ki, bu barədə "X" sosial şəbəkə platformasında məlumat yayılıb.
Məlumata görə, NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Komandanı (SACEUR) AWACS təyyarələrinin yerləşdirilməsinə icazə verib və hazırda Polşanın, eləcə də digər ölkələrin müdafiə qabiliyyətini gücləndirmək məqsədilə əlavə qüvvələrin göndərilməsi variantını nəzərdən keçirir.
NATO nümayəndəsi bütün müttəfiqlərin rəsmi Varşava ilə tam həmrəy olduğunu və alyansın üzv dövlətlərin ərazilərini istənilən təhdidlərdən qorumağa hazır olduğunu bəyan edib.
Xatırladaq ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski daha əvvəl Varşavanın hava məkanında qeydə alınan mərmilərlə bağlı hadisəni Avropa İttifaqı (Aİ) ilə müzakirə etmək niyyətində olduğunu bildirmişdi. O, hadisəyə görə Rusiya tərəfinə kəskin narazılıq ifadə olunacağını desə də, mərmilərin mənşəyi barədə hələlik rəsmi təsdiqin olmadığını vurğulamışdı.
Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamış ölkənin cənub-şərqində hava məkanının pozulmasından sonra iki raket və bir pilotsuz uçuş aparatının (PUA) düşdüyünü açıqlayıb.
Rusiya Prezidenti Vladimir Putin isə bundan əvvəlki çıxışlarında qeyd etmişdi ki, Avropa Birliyində aşkarlanan hər bir pilotsuz təyyarə dərhal Rusiya aparatı kimi qələmə verilir, lakin sonradan bunun yanlış olduğu üzə çıxır.
Aminə ŞAHSUVARQIZI













