Kobaxidze Ermənistanın yeni Konstitusiyasından DANIŞDI
“Ermənistan hökumətinə konstitusiya islahatlarının həyata keçirilməsində uğurlar arzulayırıq”.
Redaktor.az xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
Hökumət başçısının sözlərinə görə, bu, Ermənistanın suveren qərarıdır, bütün bunların hüquqi standartlara nə dərəcədə uyğun olub-olmadığını isə İrəvanın özü müzakirə edəcək:
“Qondarma vətəndaş fəallarını İrəvana gedərək bu konstitusiya dəyişikliklərinə etiraz etməyə çağırırıq. Əlbəttə, bu, zarafatdır. Bu, Ermənistanın suveren qərarıdır və tamamilə məntiqli suveren qərardır. Bizim ölkəmizdə bu məsələ fərqli şəkildə tənzimlənir. Gürcüstanda olan istənilən şəxs, istənilən vətəndaş səsvermə hüququna malikdir.
Ermənistanda isə bu məsələ fərqli qaydada tənzimlənir: vətəndaşın səs verə bilməsi üçün ölkədə bir il yaşamaq stajı olmalıdır. Bütün bunların hüquqi standartlara nə dərəcədə uyğun olmasına gəlincə, bu barədə Ermənistan hakimiyyətinin özü qərar verəcək. Bu, onların suveren hüququdur. Ermənistan hakimiyyətinə, dostlarımıza böyük hörmət bəsləyirik və konstitusiya islahatlarının həyata keçirilməsində onlara uğurlar arzulayırıq”.
Xatırladaq ki, Ermənistan hökuməti dünən ölkənin yeni Konstitusiya layihəsini təqdim edib. Layihədə müəyyən müddət ərzində ölkədə yaşamamış vətəndaşların seçki hüquqlarının məhdudlaşdırılması təklif olunur. Həmçinin layihədə Azərbaycana qarşı ərazi iddiasının yer aldığı məqamlar çıxarılıb.













