"Ballistik raketlərimizin mənzili üçün coğrafi məhdudiyyət yoxdur" - SEPAH-dan XƏBƏRDARLIQ
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Əhməd Vəhidi İranın ballistik raketlərinin mənzilinin artırılması üçün heç bir coğrafi məhdudiyyətin mövcud olmadığını bəyan edib.
Redaktor.az xəbər verir ki, o, ölkənin müdafiə və hücum potensialının ehtiyaclara, imkanlara və mövcud tələblərə uyğun olaraq davamlı şəkildə genişləndiriləcəyini vurğulayıb.
SEPAH rəsmisi Yaxın Şərqdə baş verə biləcək mümkün yeni hərbi münaqişələrin regionun hüdudlarından kənara çıxa biləcəyi ilə bağlı xəbərdarlıq edib. Ə.Vəhidi qeyd edib ki, İran Silahlı Qüvvələri hadisələrin bu cür inkişaf ssenarisinə tam hazırdır və raket qoşunlarının əməliyyat imkanlarında əhəmiyyətli irəliləyişlərə nail olunub.
General-mayor həmçinin Yaxın Şərq dövlətlərini ABŞ ilə təhlükəsizlik sahəsindəki əməkdaşlıqlarını yenidən nəzərdən keçirməyə çağırıb. Onun sözlərinə görə, regionda davamlı təhlükəsizlik xarici güclərdən asılılıqla deyil, yalnız özünəinam və regional əməkdaşlıq yolu ilə təmin edilə bilər.
Aminə ŞAHSUVARQIZI













