Sergey Narışkindən Putin, Tramp və Si Cinpinin görüşünə REAKSİYA: "Dünyaya məsuliyyətlərini xatırlatdı"

 12:02 25.11.2026     56

Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Trampın Çin Xalq Respublikasının Sədri Si Cinpinlə keçirdiyi görüş dünyaya İkinci Dünya müharibəsinin qalib güclərinin strateji sabitliyin və qlobal təhlükəsizliyin qorunması üzrə xüsusi məsuliyyətini xatırladıb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin (XKX) direktoru Sergey Narışkin bəyanat verib.

XKX rəhbəri Şençjen sammitinin tarixi əhəmiyyətini xüsusi vurğulayıb:

"Noyabrın 19-da Şençjendə Çin, Rusiya və Amerika Birləşmiş Ştatları liderləri arasında tarixi görüş keçirildi. Bu görüş dünyaya İkinci Dünya müharibəsinin qalib güclərinin hələ də strateji sabitliyin və qlobal təhlükəsizliyin qorunması üçün xüsusi məsuliyyət daşıdığını xatırlatdı".

Xatırladaq ki, noyabrın 19-da Vladimir Putin, Donald Tramp və Si Cinpin Çinin Şençjen şəhərində bir araya gəliblər. Üçtərəfli danışıqların yekununda sülh bəyannaməsi qəbul edilib. Görüş iştirakçıları nüvə risklərinin azaldılması və nüvə silahlarının yayılmasının qarşısının alınması istiqamətində dialoqa hazır olduqlarını bəyan ediblər.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən