İran XİN rəhbəri İsrailin kimyəvi silah ittihamlarına cavab VERDİ

 23:33 25.11.2026     36

İranın xarici işlər naziri Abbas Əraqçi ölkənin əczaçılıq müəssisələrində kimyəvi silah hazırlandığı və gizlədildiyi barədə İsrailin ittihamlarına münasibət bildirib. O, bu iddiaların ABŞ-ni İrana qarşı yeni hərbi münaqişəyə cəlb etmək məqsədi daşıdığını deyib.

Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Əraqçi xatırladıb ki, İran Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin (NSYM) iştirakçısı və Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının (KSQT) üzvüdür. O, həmçinin qeyd edib ki, İran keçmişdə Qərbi Almaniyanın Səddam Hüseyn rejiminə tədarük etdiyi kimyəvi silahların tətbiqindən zərər çəkib.

“Bu cəsarətli planın məqsədi ABŞ-ni aldadaraq İran xəstəxanalarında müalicə alan pasiyentləri təhlükə altına atmaqla, onun adından yeni müharibəyə başlamağa sövq etməkdir”, – Əraqçi vurğulayıb.

Nazir İsrailin mövqeyinə də diqqət çəkib. Onun sözlərinə görə, Təl-Əviv nüvə, kimyəvi və bioloji silahların qadağan edilməsinə dair əsas beynəlxalq konvensiyalara qoşulmaqdan imtina edib. Əraqçi İsrailin böyük nüvə başlıqları arsenalına malik olduğunu, mövcud olduğu dövrdə regionun yeddi ölkəsinə hərbi hücumlar həyata keçirdiyini və onlardan üçünün ərazilərini işğal etdiyini iddia edib.

Nazir çıxışının sonunda bildirib ki, son bir ildə İsrailin addımları artıq iki dəfə ABŞ-ni İrana qarşı hərbi münaqişəyə cəlb etmək cəhdlərinə səbəb olub. Onun sözlərinə görə, Tehran hər iki cəhdi uğursuz hesab edir.

Xatırladaq ki, bundan əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ-nin Tehranın bioloji və kimyəvi silah hazırladığı barədə ittihamlarını şərh edib. O, Vaşinqtonun bu cür bəyanatlarla hərbi müdaxilə üçün bəhanə yaratmağa çalışdığını bildirib.

Xədicə BAXIŞLI

 

Vumart və Güvən reklamı Vumart Güvən