ABŞ-nin Avropadakı hərbi planları dəyişir

 10:10 26.11.2026     50

NATO ölkələri ABŞ-nin Avropadakı hərbi qüvvələrini çıxarmaqla bağlı yekun qərarı təxirə salacağını gözləyir.

Redaktor.az xəbər verir ki, "Bloomberg"in mənbələrə istinadən yaydığı məlumata görə, buna səbəb Ukraynadakı münaqişənin həlli ilə bağlı aparılan danışıqlar və son həftələrdə ABŞ-NATO münasibətlərinin yaxşılaşmasıdır.

Mənbələrin sözlərinə görə, ABŞ NATO ölkələrinin müdafiə xərclərini artırmaq istəyini müsbət qarşılayır. Həmçinin Vaşinqton Avropadakı hərbi bazalarından Yaxın Şərqdə və digər regionlarda gücünü nümayiş etdirmək üçün istifadə etmək niyyətindədir.

NATO müttəfiqləri ABŞ-nin qərarını dekabrın əvvəlində açıqlayacağını gözləsələr də, indi bu qərarın ayın sonuna və ya Yeni ildən sonrakı dövrə qədər təxirə salınacağını düşünürlər.

Nəşrin yazdığına görə, ABŞ Ukraynada sülhün əldə olunması istiqamətində yeni cəhdlər göstərir. Rusiyanın tələbləri arasında NATO qoşunlarının Avropada harada yerləşdirilməsi məsələsi də var.

ABŞ müdafiə nazirinin müavini Elbric Kolbi Rusiyanın tələblərinin Amerika qoşunlarının tərkibinə yenidən baxılarkən nəzərə alınıb-alınmayacağı ilə bağlı suala cavabında bildirib ki, ABŞ sülh danışıqlarını dəstəkləmək üçün uyğunlaşmağa hazırdır.

Gözlənilir ki, ABŞ qoşunlarının əsas hissəsinin azaldılması Almaniyaya aid olacaq. Çünki Avropadakı ən böyük Amerika hərbi kontingenti bu ölkədə yerləşir. Bununla yanaşı, NATO-nun şərq cinahında yerləşən ölkələrin, xüsusilə Polşanın əlavə hərbi qüvvələr əldə edəcəyi ehtimal olunur.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən