Paşinyan "Tramp Yolu"nun detallarını açıqladı: Şirkət bir həftəyə yaradılacaq
"TRIPP Development Company" şirkətinin səhmdar müqaviləsinin bir həftə ərzində imzalanması planlaşdırılır. Müqavilə imzalandıqdan sonra şirkət Ermənistanda rəsmi qeydiyyatdan keçəcək və faktiki fəaliyyətinə başlayacaq.
Redaktor.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu barədə noyabrın 26-da hökumətin iclasında müqavilənin təsdiqlənməsi məsələsi müzakirə olunarkən bildirib.
Hökumət başçısı həmçinin TRIPP layihəsinin faktiki tətbiqi üçün hazırlıq işlərinə başlanıldığını açıqlayıb:
"TRIPP layihəsinin faktiki həyata keçirilməsi üçün hazırlıq işlərinə yalnız bu bazar ertəsi günü başlamışıq. Bu o deməkdir ki, təmizləmə işləri və tikinti sahəsinin hazırlanması, xüsusən də dəmir yolu marşrutu boyunca davam edir. Eyni zamanda, yollar, dəmir yolları və elektrik ötürücü xətləri üçün layihələndirmə işlərini davam etdiririk. Bütün bunlar Ermənistan Respublikası hökuməti tərəfindən həyata keçirilir. TRIPP İnkişaf Şirkəti tam yaradıldıqdan sonra işi onlara təhvil verəcəyik. Bu, bizə qaldığımız yerdən davam etməyə və mümkün qədər az vaxt itirməyə imkan verəcək".
N.Paşinyan layihəni Ermənistanın müstəqillik qazanmasından bəri iqtisadi və maliyyə miqyası baxımından ən böyük təşəbbüslərdən biri kimi xarakterizə edib və layihə ilə paralel şəkildə həyata keçirilməsi gözlənilən proseslərin əhəmiyyətini vurğulayıb. O, ictimaiyyətin məlumatlandırılması məsələsinə toxunaraq, şəffaflıq prinsipinə sadiq qaldıqlarını bir daha diqqətə çatdırıb:
"Burada digər vacib məqam odur ki, müzakirə etdiyimiz hər şey ictimaiyyətə açıq yazılı sənədlərdə sənədləşdirilib. Düşünürəm ki, ən vacib məqam budur. Bu, bizim prinsipimiz idi və qüvvədə qalır. Əlavə sualların və ya qeyri-müəyyənliklərin olmamasını təmin etmək üçün bütün məsələlərdə tam şəffaflıqla işləyəcəyik. Biz bu yanaşmanı TRIPP işində və digər vəziyyətlərdə də qorumalıyıq".
Qeyd edək ki, noyabrın 23-də Ermənistan və ABŞ hökumətləri tərəfindən birgə icra olunan “Beynəlxalq Sülh və Rifaha Doğru Tramp Yolu” (TRIPP) layihəsinin praktiki həyata keçirilmə mərhələsinin başladığı rəsmi elan edilib. Layihənin əsas məqsədi ölkələrin suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına hörmət əsasında regional tranzit əlaqələrini inkişaf etdirməkdir. Təsdiqlənmiş sənədə əsasən, "TRIPP Development Company" QSC-də ABŞ tərəfi 74%, Ermənistan tərəfi isə 26% paya sahib olacaq.
Aminə ŞAHSUVARQIZI













