Paşinyan keçmiş katibini sərt tənqid etdi: "Narazı idisə, qanun qəbul olunanda istefa verərdi"
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Avropa İttifaqına (Aİ) daxil olma prosesini başladan qanunun qəbulundan sonra istefa vermədiyinə və yalnız indi bu kursu tənqid etdiyinə görə Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Qriqoryanı kəskin tənqid edib.
Redaktor.az xəbər verir ki, hökumət başçısı keçirdiyi brifinqdə sabiq rəsmisinin mövqeyini "qəribə" adlandırıb və onun vəzifədən uzaqlaşdırılması qərarına aydınlıq gətirib:
"Əgər Armen Qriqoryanın belə prinsipial mövqeyi olsaydı, qanun layihəsi qəbul edildikdən sonra istefa verməli və bununla razılaşmadığını bildirməli idi. Mən qərara gəldim ki, Qriqoryan artıq Təhlükəsizlik Şurasının katibi vəzifəsində çalışmayacaq. Mən ona başqa iş təklif etdim, amma o, imtina etdi".
N.Paşinyan həmçinin A.Qriqoryanın guya dolayı yolla Baş nazirin öz mövqeyini ictimaiyyətə çatdırdığına dair yayılan iddiaları da təkzib edib. Ermənistan hökumətinin başçısı qeyd edib ki, əgər belə olsaydı, onun həftəlik brifinqlər keçirməsinə heç bir ehtiyac qalmazdı. O, həmçinin bir sıra səbəblərə görə sözügedən qanunun ləğv edilməsinin mümkün olmadığını bir daha vurğulayıb.
Xatırladaq ki, Ermənistan parlamenti 2025-ci ilin mart ayında ölkənin Avropa İttifaqına qəbul prosesinə başlamaq barədə qanun qəbul edib. Sabiq katib A.Qriqoryan isə bir müddət əvvəl "Aİ üzvlüyünün illüziyası" adlı geniş məqalə dərc etdirərək rəsmi İrəvanın tələsik Avropaya inteqrasiya siyasətini tənqid atəşinə tutub. O, Ermənistanın Aİ-yə qoşulma perspektivinin ölkənin hazırkı siyasi, coğrafi və iqtisadi reallıqları ilə uyğun gəlmədiyini, əlçatmaz məqsəd arxasınca qaçmağın Rusiyadan asılılığı azaltmaq əvəzinə daha da artırdığını və rəsmi Moskvanın sərt reaksiyasına səbəb olduğunu bildirib.
Qeyd edək ki, 2018-ci il "məxməri inqilab"ının əsas fiqurlarından biri olan Armen Qriqoryan 2018–2026-cı illərdə Ermənistan Təhlükəsizlik Şurasının katibi vəzifəsində çalışıb.
Aminə ŞAHSUVARQIZI













