Meksika SpaceX-ə qarşı sanksiyalar tətbiq edə bilər

 23:44 26.11.2026     78

Meksika hakimiyyəti SpaceX şirkətinə məxsus raket qalıqlarının Tamaulipas sahillərində yaratdığı ekoloji zərəri araşdırmağa başlayıb. Araşdırmanın nəticələrinə əsasən, ABŞ şirkətinə qarşı sanksiyalar tətbiq oluna bilər.

Redaktor.az xəbər verir ki, bu barədə Meksika Prezidenti Klaudiya Şeynbaum “Cinco” radiosuna açıqlamasında bildirib.

Prezidentin sözlərinə görə, Ətraf Mühitin Mühafizəsi üzrə Federal Prokurorluq (Profepa), Mühafizə Olunan Təbii Ərazilər üzrə Milli Komissiya və Hərbi Dəniz Qüvvələri ərazidə raket qalıqlarının müəyyənləşdirilməsi və toplanması işlərinə başlayıb. Noyabrın 20-dək 5,9 kiloqram material toplanıb. Ərazidə monitorinq davam etdirilir.

Hadisə noyabrın 13-də “Starship” kosmik gəmisinin Meksika sərhədinin yaxınlığındakı Texas ştatında yerləşən “Starbase” platformasından buraxılmasından sonra baş verib. Sürətləndiricinin partlamasından sonra raket parçaları dalğalar vasitəsilə Matamoros şəhərindəki Playa Bağdad çimərliyinə gəlib çıxıb.

Şeynbaum vurğulayıb ki, məsələ Meksika və ABŞ hökumətləri arasında həll edilməlidir. Çünki kosmik buraxılışlar milli hava məkanına da təsir göstərir. Onun sözlərinə görə, Mexiko artıq ABŞ səfirliyi ilə əlaqə saxlayıb və hər iki ölkənin aerokosmik qurumları arasında danışıqların təşkilini tələb edib.

Hökumət buraxılış zonasının başqa yerə köçürülməsi ehtimalını da nəzərdən keçirəcək. Belə ki, SpaceX gələcəkdə ildə 400-dək uçuş həyata keçirməyi planlaşdırır. Meksika əməliyyatların tezliyi və miqyası ilə bağlı dəqiq qaydaların müəyyənləşdirilməsində israrlıdır.

“Ətraf mühitə zərər dəydiyi müəyyən edilərsə, müvafiq şikayətlər təqdim olunacaq”, – Şeynbaum bildirib.

“Diario de Yucatan” nəşrinin məlumatına görə, ekoloqlar və sahilyanı ərazilərin sakinləri SpaceX-in fəaliyyəti nəticəsində yarana biləcək ekoloji risklərlə bağlı narahatlıqlarını ifadə ediblər.

Xədicə BAXIŞLI

 

Vumart və Güvən reklamı Vumart Güvən