Tac Mahalı vəhşi meymunlar zəbt etdi - Turistlərin təhlükəsizliyi təhdid ALTINDADIR
Hindistanın Aqra şəhərində yerləşən məşhur Tac Mahal məqbərəsinin şərq, qərb və kral qapılarının yaxınlığındakı əraziləri vəhşi meymunlar zəbt edib.
Redaktor.az NDTV telekanalına istinadən xəbər verir ki, heyvanların kütləvi şəkildə əraziyə toplaşması ziyarətçilərin və turistlərin təhlükəsizliyi üçün ciddi təhdid yaradır.
Məlumata görə, həm memarlıq kompleksinin daxilində, həm də ona bitişik ərazilərdə çoxlu sayda meymun məskunlaşıb. Yerli hakimiyyət orqanları meymunların tutulması və ya tarixi abidənin ərazisindən uzaqlaşdırılması barədə dəfələrlə vədlər versələr də, problem hələ də həllini tapmayıb.
Telekanalın təhlilinə əsasən, vəziyyətin dəyişməməsinin əsas səbəblərindən biri kompleksin idarə olunmasına cavabdeh olan müvafiq qurumlar arasında fəaliyyətin yetərli şəkildə əlaqələndirilməməsidir.
Qeyd olunur ki, meymunların sayının nəzarətsiz artması turistlərin təhlükəsizliyi ilə bağlı narahatlıqları artırmaqla yanaşı, Hindistan mədəni irsinin əsas rəmzlərindən biri və ölkənin ən məşhur turizm məkanı olan Tac Mahalın beynəlxalq nüfuzuna da mənfi təsir göstərə bilər.
Aminə ŞAHSUVARQIZI













