Hamilə məhbus polislərin maşınında qaçdı - ABŞ-də qeyri-adi hadisə
ABŞ-nin Nyu-Meksiko ştatında Rebekka Teylor adlı hamilə məhbus tibb müəssisəsindən həbsxanaya aparılarkən xidməti avtomobildə qaçıb.
Redaktor.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri yerli polisə istinadən məlumat yayıb.
26 yaşlı məhbusun qadın məsləhətxanasında qəbuldan sonra həbsxanaya qayıdarkən avtomobili qaçırdığı bildirilir.
Belə ki, onu həbsxanaya aparan şəxslər yolüstü qəlyanaltı almaq üçün avtomobildən düşüblər. Onların yoxluğundan istifadə edən qadın “Dodge” markalı xidməti avtomobilin sükanı arxasına keçərək naməlum istiqamətdə yoxa çıxıb. Onun arxa oturacaqda oturduğu, hamiləliyinə görə biləklərinə qandal taxılmadığı bildirilir.
Polis həmin qadının bir neçə oğurluq və qarət hadisəsinə görə cəza çəkdiyi barədə məlumat verib.
Maraqlıdır ki, hadisə zamanı onunla birlikdə daha bir məhkum avtomobildə olub. Lakin o, hadisədən əvvəl avtomobildən düşüb. Bundan 1 saat sonra avtomobil hadisə yerindən təxminən 5 km məsafədə aşkar edilsə də, məhbus orada olmayıb. Hazırda onun axtarışları davam etdirilir.













