Məkkə Komitəsinin növbəti iclası Türkiyədə keçiriləcək - Hakan Fidan
Məkkə Birgə Müdafiə Sazişi çərçivəsində yaradılan Strateji Siyasi və Müdafiə Komitəsinin növbəti iclası Türkiyədə keçiriləcək.
Redaktor.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Pakistanın paytaxtı İslamabadda komitənin ikinci iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.
Nazir qeyd edib ki, ittifaqın yaradılmasından sonra əsas prioritet onun institusional strukturunun formalaşdırılması və fəaliyyətə başlamasıdır.
Onun sözlərinə görə, qısa müddət ərzində ittifaqın institusional inkişafı istiqamətində mühüm irəliləyiş əldə olunub. Hakan Fidan mülki qərargah funksiyasını yerinə yetirəcək Baş Katibliyin və hərbi qərargah rolunu oynayacaq Birgə Hərbi Komandanlığın yaradılması ilə bağlı bütün prinsipial qərarların qəbul edildiyini bildirib. Komitənin son toplantısında qərarların əksəriyyətinin təsdiqləndiyini, bəzi məsələlərin isə növbəti iclasa saxlanıldığını vurğulayıb.
O, ittifaqın institusional fəaliyyətinin təşkili, birgə əməliyyatlar, qüvvələrin ayrılması, təlim, planlaşdırma, təşkilatlanma və beynəlxalq əlaqələr kimi məsələlərin qarşıdakı dövrdə diqqət mərkəzində olacağını bildirib.
Toplantıda regional məsələlərin də müzakirə edildiyini deyən nazir, xüsusilə Körfəz bölgəsindəki vəziyyət, Səudiyyə Ərəbistanının husilərdən qaynaqlanan təhlükəsizlik təhdidləri, ABŞ-İran danışıqları və Ukraynadakı vəziyyət ətrafında fikir mübadiləsi aparıldığını qeyd edib.
Hakan Fidanın sözlərinə görə, ittifaqın əsas məqsədi üzv ölkələrin hərbi və müdafiə sənayesi imkanlarını birləşdirərək onların potensialını artırmaq, regional və beynəlxalq sülhə, sabitliyə daha böyük töhfə verməkdir.
Nazir ittifaqa qoşulmaq istəyən digər dövlətlərlə bağlı prosedurların müəyyənləşdirilməsi istiqamətində də müzakirələrin aparıldığını və bir sıra prinsipial qərarların qəbul edildiyini bildirib.













