Keçmiş nazirə ağır ittihamlar irəli sürüldü: Mənimsəmə, rüşvət və çirkli pulların yuyulması...

 11:09 29.11.2026     60

Paraqvay prokurorluğu ölkənin keçmiş iqtisadiyyat naziri Karlos Fernandes Valdovinosu mənimsəmə, çirkli pulların yuyulması, ağırlaşdırılmış rüşvətxorluq və "Ueno Bank"ın iflası ilə əlaqədar cinayətkar təşkilatda iştirakda ittiham edib.

Redaktor.az EFE agentliyinə istinadən xəbər verir ki, bu barədə prokuror Kristian Benitez məlumat verib. O, keçmiş nazir barəsində məhkəməyəqədər həbs qətimkan tədbirinin seçilməsini tələb edib.

İstintaq orqanları Valdovinosu keçmiş prezident Santyaqo Penya ilə əlaqəli olan "Ueno Bank"da dövlət vəsaitlərinin yerləşdirilməsinə icazə verməkdə şübhəli bilirlər. Prokurorların sözlərinə görə, 250 milyard quaraninin (təxminən 38,8 milyon dollar) köçürülməsi banka nəzarət edən "Vazquez" şirkətlər qrupu ilə bağlanmış müqavilə ilə əlaqələndirilib. İddia olunur ki, sabiq nazir bu qurum vasitəsilə qanunsuz kompensasiya əldə edib.

İttihamnamədə qeyd olunur ki, Karlos Fernandes Valdovinos "Vazquez" qrupuna dövlət maliyyəsi və likvidlik təmin etmək məqsədilə hökumətin ən yüksək səviyyələrində əlaqələr şəbəkəsi formalaşdırıb. O, avqust ayında "İtaipu" su elektrik stansiyasının direktorlar şurasında çalışarkən həmin qrupla iki illik məsləhət müqaviləsi imzalayıb. Müqavilə şərtlərinə aylıq 20 min dollar ödəniş və əlavə 60 min dollar bonus daxil edilib.

Prokurorluq eyni zamanda keçmiş nazirin aktivlərinin satışının və ya girov qoyulmasının qadağan edilməsini, eləcə də bütün bank hesablarının dondurulmasını tələb edib.

Qeyd edək ki, bu cinayət işi Senatda baş tutan impiçment prosedurundan sonra noyabrın 6-da vəzifəsindən uzaqlaşdırılan Paraqvayın keçmiş prezidenti Santyaqo Penya ilə də bağlıdır. Məlumata görə, Penya etibardan sui-istifadə, çirkli pulların yuyulması və rüşvətxorluq ittihamları ilə hazırda həbsdədir.

Xatırladaq ki, "Ueno Bank" iflasa uğramazdan əvvəl 2,94 milyondan çox müştəriyə xidmət göstərib, Sosial Təminat İnstitutu və dörd pensiya fondunun vəsaitlərini idarə edib. Sözügedən maliyyə qalmaqalı həmçinin ölkənin Mərkəzi Bankının keçmiş rəhbəri Karlos Karvalyonun və daha üç yüksək vəzifəli şəxsin istefası ilə nəticələnib.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən