Tramp Yaponiya Baş nazirinə məhəl qoymadı - Görüntülər müzakirələrə səbəb oldu
Yaponiyanın Baş naziri Sanae Takaiçinin ABŞ Prezidenti Donald Trampla münasibətləri onun sələfi Şinzo Abe ilə olan yaxın əlaqələrindən xeyli uzaqdır.
Redaktor.az Yaponiyanın "Josei Jishin" nəşrinə istinadən xəbər verir ki, bu barədə yaponiyalı jurnalist, "Arc Times" onlayn nəşrinin baş redaktoru Satohiko Oqata bildirib.
Jurnalistin sözlərinə görə, iki lider arasındakı soyuqluq xüsusilə noyabrın 19-da Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti zamanı açıq şəkildə özünü göstərib. Oqata sosial şəbəkələrdə yayılan görüntülərə diqqət çəkərək qeyd edib ki, videoda Takaiçinin Trampın kürəyinə toxunaraq və ona müraciət edərək diqqətini cəlb etməyə çalışdığı, lakin ABŞ liderinin ona cavab vermədiyi əks olunub. Oqata bu epizodu Yaponiya Baş nazirinin diplomatiyasının zəifliyi kimi dəyərləndirib və Tokionun təkcə Pekinlə deyil, Vaşinqtonla da münasibətlərində problemlər yaşandığını vurğulayıb.
Məsələ ilə bağlı "The New York Times" qəzetinin tanınmış jurnalisti Devid Sanger də fikirlərini bölüşüb. O, ABŞ Prezidentinin mərhum baş nazir Şinzo Abeyə bəslədiyi isti münasibətin Sanae Takaiçiyə şamil olunmadığını deyib. Sangerin sözlərinə görə, Yaponiya hökuməti üçün əsas prioritetlərdən biri ABŞ, Çin və Rusiya liderləri arasında aparılan danışıqların məzmunu barədə Ağ Evdən ətraflı məlumat almaqdır. Lakin Takaiçinin Trampla hazırkı münasibətləri bu informasiyaların əldə olunmasını çətinləşdirə bilər.
Bundan əlavə, Satohiko Oqata Trampın ABŞ-yə qayıdarkən "Air Force One" təyyarəsindən Yaponiya Baş naziri ilə etdiyi telefon danışığının səmərəliliyini də şübhə altına alıb. Jurnalist qeyd edib ki, ABŞ, Çin və Rusiya liderlərinin görüşü 80 dəqiqə çəkdiyi halda, Trampın Takaiçi ilə telefon söhbəti cəmi 20 dəqiqə davam edib və tərcümə vaxtı çıxılarsa, tərəflər real olaraq yalnız bir neçə dəqiqə danışa biliblər.
Aminə ŞAHSUVARQIZI













