İspaniyada növbədənkənar parlament seçkilərinə start verildi
İspaniyada ölkənin ikipalatalı parlamenti olan Baş Kortesə növbədənkənar ümumi seçkilərdə səsvermə başlayıb.
Redaktor.az xəbər verir ki, yerli vaxtla saat 09:00-da (Bakı vaxtı ilə saat 12:00) açılan seçki məntəqələri saat 20:00-dək (Bakı vaxtı ilə saat 23:00) seçicilərin üzünə açıq olacaq.
Səsvermənin nəticələrinə əsasən, parlamentin aşağı palatası olan Deputatlar Konqresinin 350 üzvü və yuxarı palata – Senatın 209 üzvü müəyyənləşəcək. Krallığın Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, seçki günü ictimai asayişin və təhlükəsizliyin qorunmasına 100 mindən çox hüquq-mühafizə orqanı əməkdaşı cəlb olunub. İlkin səslərin hesablanmasına məntəqələr bağlandıqdan dərhal sonra başlanılacaq.
Qeyd edək ki, İspaniyada növbəti ümumi seçkilərin 2027-ci ildə keçirilməsi planlaşdırılırdı. Lakin oktyabrın 2-də Deputatlar Konqresi hökumətin mənzil sektoru ilə bağlı təsdiq etdiyi iki qərarı rədd etdikdən sonra Baş nazir Pedro Sançes oktyabrın 5-də noyabrın 29-na erkən seçkilərin təyin olunması barədə qərarını açıqlayıb.
İctimai rəy sorğularına əsasən, heç bir siyasi partiya 350 yerlik Deputatlar Konqresində mütləq əksəriyyəti (176 mandat) təkbaşına qazana bilməyəcək. Bu səbəbdən seçkilərdən sonra koalisiya hökumətinin formalaşdırılması istiqamətində partiyalararası danışıqlara başlanılacağı gözlənilir.
Aminə ŞAHSUVARQIZI













