Avropa ABŞ-dən kosmik asılılığa son qoyur: 10 milyard avroluq tarixi layihəyə start verilə bilər
Avropa ABŞ-dən asılılığını azaltmaq və astronavtları kosmosa müstəqil şəkildə göndərmək məqsədilə ilk dəfə olaraq özünün pilotlu kosmik uçuş proqramını yarada bilər.
Redaktor.az "The Guardian" qəzetinə istinadən xəbər verir ki, avropalı nazirlərin təxminən 10 milyard avro dəyərində qiymətləndirilən proqrama start verilməsi ilə bağlı qərarı dekabrın 15-də Romada qəbul edəcəyi gözlənilir.
Layihə təkrar istifadə edilə bilən Avropa kosmik gəmisinin, eləcə də müvafiq buraxılış və eniş infrastrukturunun yaradılmasını nəzərdə tutur. Bunun üçün ehtimal olunan əsas məkan Kuru kosmodromunun yerləşdiyi Fransa Qvianası göstərilir. Qeyd edək ki, Avropa təxminən 45 ildir "Arianespace" şirkəti vasitəsilə məhz buradan orbitə peyklər buraxır.
Avropa Kosmik Agentliyinin (ESA) baş direktoru Jozef Aşbaxer proqramın mümkün təsdiqini "tarixi məqam" adlandırıb. O, kosmosun sürətlə kommersiyalaşdırılmasının, Rusiyanın hərbi ambisiyalarının və ABŞ-nin gələcək siyasəti ilə bağlı qeyri-müəyyənliyin Avropanın pilotlu uçuşlar sahəsində digər ölkələrdən asılılığının nə qədər həssas olduğunu üzə çıxardığını bildirib:
"ABŞ-də pilotlu kosmik uçuşlarla bağlı vəziyyətin necə inkişaf edəcəyini bilmirik. NASA ilə münasibətlərimiz yaxşı və möhkəmdir, lakin vəziyyət dəyişə bilər".
J.Aşbaxer əlavə edib ki, öz proqramını yaratmaq Amerika agentliyi ilə əməkdaşlıqdan imtina demək deyil, əksinə, Avropaya müstəqil qərarlar qəbul etmək və müxtəlif ssenarilərə hazır olmaq imkanı verəcək.
Məlumata görə, Avropa rəsmilərini narahat edən əsas məqamlardan biri də Ukraynanın hərbi məqsədlər üçün istifadə etdiyi "SpaceX" peyk sistemlərinə çıxışına qoyulan məhdudiyyətlər olub. ESA rəhbərinin sözlərinə görə, Avropa peyk infrastrukturunun inkişafında ABŞ-dən geri qalır və "SpaceX" şirkəti Avropa layihələrini bir neçə il qabaqlayır. Xüsusilə "Starlink"ə rəqib kimi nəzərdə tutulan Avropanın "IRIS²" peyk rabitə sisteminin 2029-cu ildən tez fəaliyyətə başlaması gözlənilmir.
Agentlik həmçinin kosmosda artan təhdidlər barədə xəbərdarlıq edib. Bundan əvvəl Rusiyanın orbitdə nüvə silahı yerləşdirmək planları barədə məlumatlar yayılmışdı. Oktyabr ayında isə Rusiyaya məxsus "Kosmos-2612" peykinin Yer kürəsini müşahidə edən kommersiya peykinə təxminən 1,6 kilometr məsafəyə qədər yaxınlaşdığı bildirilirdi. Aşbaxer qeyd edib ki, bu cür addımlar ciddi narahatlıq doğurur, çünki peyklərin məhv edilməsi orbitləri hücum edən tərəf də daxil olmaqla bütün ölkələr üçün yararsız hala sala bilər.
Yeni kosmik proqram həm də yerli sənayeni dəstəkləmək və regionda investisiyaları qorumaq üçün mühüm fürsət sayılır. ESA rəhbəri vurğulayıb ki, Amerika raket buraxılışlarından asılılıq Avropa maliyyə vəsaitlərinin əhəmiyyətli hissəsinin ABŞ şirkətlərinə axmasına və yerli istehsalçıların mövqeyinin zəifləməsinə səbəb olur.
Xatırladaq ki, Avropanın öz pilotlu kosmik gəmisini yaratmaqla bağlı son cəhdi 1992-ci ildə "Hermes" layihəsi olub. ABŞ şattlları ilə rəqabət aparmaq üçün nəzərdə tutulan kosmik təyyarənin hazırlanması "Challenger" şattlının qəzasından sonra xərclərin kəskin artması səbəbindən dayandırılmışdı.
Əgər ESA-nın 23 üzv dövləti dekabrda yeni təşəbbüsə "yaşıl işıq" yandırsa, agentlik hazırlıq işlərinə başlayacaq və NASA-nın iki layihəsinin — "Gateway" Ay zondu və Marsdan nümunələrin qaytarılması missiyasının dayandırılması nəticəsində sərbəstləşən 280 milyon avro vəsaiti bu istiqamətə yönəldəcək. Proqramın tam maliyyələşdirilməsi ilə bağlı yekun qərarın isə ESA-nın 2028-ci ildə keçiriləcək növbəti nazirlər toplantısında qəbul ediləcəyi gözlənilir.
Aminə ŞAHSUVARQIZI













