Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçirilir
Qazaxıstanda regional inkişafla bağlı qərarlar qəbul edən, yerli büdcələri təsdiqləyən və bölgə, şəhər, eləcə də rayon sakinlərinin maraqlarını təmsil edən yerli nümayəndəlik orqanlarının — məslixat üzvlərinin seçilməsi üçün səsvermə başlayıb.
Redaktor.az "Tengrinews.kz" portalına istinadən xəbər verir ki, ilk 101 seçki məntəqəsi yerli vaxtla saat 06:00-da qapılarını seçicilərin üzünə açıb. Həmin məntəqələrin əksəriyyəti hərbi hissələrdə yerləşir və orada xidməti vəzifələrini və ya döyüş tapşırıqlarını yerinə yetirən hərbçilər səs verirlər. Ölkə üzrə qalan məntəqələrdə isə əsas səsvermə saat 07:00-da başlayıb və axşam saat 20:00-dək davam edəcək, bundan sonra seçki komissiyaları səslərin sayılmasına başlayacaq.
Ölkə üzrə ümumilikdə 10 338 seçki məntəqəsi fəaliyyət göstərir. Seçici siyahılarına 12 679 459 nəfərin adı daxil edilib. Seçki günü – noyabrın 29-da 18 yaşı tamam olanlar da daxil olmaqla, 18 yaş və yuxarı bütün vətəndaşlar səsvermə hüququna malikdirlər.
Partiya siyahıları üzrə məslixatlarda yerlər uğrunda yeddi qeydiyyatdan keçmiş siyasi partiya mübarizə aparır: "Adilet", "Ak Jol", Qazaxıstan Xalq Partiyası, Milli Sosial Demokrat Partiyası, "Auyl", "Baitak" Yaşıl Partiyası və "Respublika". Seçkilərdə eyni zamanda təkmandatlı seçki dairələri üzrə irəli sürülən namizədlər də iştirak edirlər.
Qazaxıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 228 məslixat üzrə ümumilikdə 3 447 deputat mandatı uğrunda təxminən 11 min namizəd yarışır ki, bu da orta hesabla hər yer üçün üç namizəd deməkdir.
Aminə ŞAHSUVARQIZI













