Bosniya və Herseqovina dörd İran diplomatını ölkədən qovdu - Kəşfiyyat qalmaqalı
Bosniya və Herseqovinanın xarici işlər naziri Elməddin Konakoviç kəşfiyyat orqanlarının təqdim etdiyi məlumatlardan sonra kəşfiyyat fəaliyyətində şübhəli bilinən dörd İran diplomatını ölkədən çıxarıb.
Redaktor.az Bosniya və Herseqovinanın istraga.ba portalına istinadən xəbər verir ki, diplomatlar artıq noyabrın 25-də ölkəni tərk ediblər.
Ölkədən qovulanlar arasında Sarayevodakı İran səfirliyinin üçüncü katibi Hüseyn Məhdian Fərd, iki attaşe – Morteza Fazal və Ehsan Səccadi Monazzah, eləcə də Seyid Yaser Seyid Məhəmməd yer alıb.
Nəşrin məlumatına görə, bir neçə ölkənin kəşfiyyat qurumları Hüseyn Məhdian Fərdi İranın Kəşfiyyat və Milli Təhlükəsizlik Nazirliyi (MOIS) ilə əlaqələndirib. Digər üç diplomatın isə İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı olduğu bildirilir.
Qeyd olunur ki, Məhdian Fərd 2025-ci ilin ortalarından etibarən Sarayevodakı İran səfirliyində üçüncü katib kimi akkreditə olunub. O, bundan əvvəl Almaniyada fəaliyyət göstərib və Berlində qanunsuz əməllərlə əlaqəli olub.
Xarici işlər naziri Elməddin Konakoviç bu addımı xarici nümayəndələrin "persona non qrata" (arzuolunmaz şəxs) elan edilməsini tənzimləyən qaydalara əsasən atıb. 2004-cü ildə qəbul edilmiş müvafiq sənədə görə, ölkənin Rəyasət Heyətinin qərarını tələb edən diplomatik nümayəndəlik rəhbərləri və bəzi yüksək vəzifəli şəxslər istisna olmaqla, xarici işlər naziri digər diplomatik və qeyri-diplomatik heyətin ölkədən çıxarılması ilə bağlı müstəqil qərar vermək səlahiyyətinə malikdir.
Aminə ŞAHSUVARQIZI













