Netanyahu ilə Eyzenkotun görüşü nəticəsiz bitdi - İsraildə hökumət böhranı dərinləşir
“Yaşar” Partiyasının lideri Qadi Eyzenkot və Baş nazir, “Likud” Partiyasının sədri Benyamin Netanyahu arasında keçirilən görüş razılıq əldə olunmadan başa çatıb.
Redaktor.az İsrail mediasına istinadən xəbər verir ki, Tel-Əvivdəki “Kirya” hərbi qərargahında iki saat davam edən müzakirələr zamanı Qadi Eyzenkot Netanyahuya onu hakimiyyətdən uzaqlaşdırmağı hədəfləyən siyasi bloka sadiq qaldığını bildirib.
Keçmiş nazir Ron Dermerin də iştirak etdiyi görüşdə “Yaşar” Partiyasının lideri yalnız koalisiyanın əsas prinsiplərinin qəbul ediləcəyi təqdirdə “Likud”un rəhbərlik edəcəyi hökumətə qoşula biləcəyini qeyd edib.
Danışıqlar başa çatdıqdan sonra “Yaşar” və “Likud” partiyaları birgə bəyanat yayaraq müzakirələrin işgüzar şəraitdə keçirildiyini və hər iki tərəfin aralarındakı ciddi fikir ayrılıqlarını aradan qaldırmağa çalışdığını açıqlayıblar.
Xatırladaq ki, B.Netanyahu şənbə axşamı birlik hökuməti yaratmağa hazır olduğunu bəyan edərək, rotasiya razılaşması çərçivəsində əvvəlcə Baş nazirin müavini vəzifəsini tutmağı, ikinci mərhələdə isə Baş nazir postuna keçməyi təklif etmişdi. O, bu addımı “mövcud ekzistensial təhlükənin miqyası və həmin təhlükənin öhdəsindən gələ bilməyəcək hökumətin formalaşması ehtimalı” ilə əsaslandırıb.
Tərəflər birgə bəyanat yaymazdan əvvəl “Yaşar” Partiyasının parlament fraksiyasının rəhbəri, deputat Roy Folkman Netanyahonu əvəzləməyi hədəfləyən blokun fraksiya rəhbərlərinə deputatların gələn bazar ertəsinədək parlament səsvermələrində iştirak üçün hazır vəziyyətdə saxlanılması barədə göstəriş verib. Bu addım Eyzenkotun cari həftə ərzində Prezident İsxak Hersoqa yeni hökuməti formalaşdırdığı barədə məlumat verməsi və gələn həftənin əvvəlində kabineti Knessetin səsverməsinə çıxarması ehtimalı ilə əlaqələndirilir.
Bununla belə, Eyzenkotun rəhbərlik etdiyi blok daxilində hökumətin hansı formatda qurulması ilə bağlı fikir ayrılıqları hələ də qalmaqdadır. “İsrail Beytenu” partiyasının sədri Aviqdor Liberman “Beyaxad” partiyasının lideri Naftali Benneti Netanyahu ilə birlik hökuməti yaratmaq səylərinə görə açıq şəkildə tənqid edib. Belə ki, Liberman ultraortodoks yəhudilərin dəstəyi ilə hökumət qurulmasını müdafiə etdiyi halda, Bennet rotasiya razılaşması əsasında əvvəlcə Eyzenkotun baş nazir olacağı birlik hökumətinin yaradılmasına çalışır. “Demokratlar” partiyasının sədri Yair Qolan isə Eyzenkotun “Likud”la danışıqları dayandırmaq qərarını alqışlayıb.
Bu arada, “Yaşar” və “Beyaxad” partiyaları arasında koalisiya sazişi üzrə danışıqlarda irəliləyiş əldə edildiyi bildirilir. Lakin Naftali Bennet yekun sazişi imzalamazdan əvvəl ultraortodoks yəhudilərin hərbi xidmətə çağırılması ilə bağlı çərçivə sənədinin nəzərdən keçirilməsində israr edir.













