Pakistanda mədənçilərə silahlı hücum: 11 nəfər öldürüldü
Pakistanın Bəlucistan əyalətində silahlı şəxslərin mədənçiləri daşıyan iki avtomobilə hücumu nəticəsində 11 nəfər həyatını itirib.
Redaktor.az "Associated Press" agentliyinə istinadən xəbər verir ki, hadisə ölkənin cənub-qərbində yerləşən Kohlu rayonunda baş verib. Yaraqlılar hücumu törətdikdən sonra hadisə yerindən qaçıblar.
Yüksək rütbəli polis zabiti Tayyab İqbalın sözlərinə görə, hüquq-mühafizə orqanları cinayətkarların yerinin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində genişmiqyaslı axtarış əməliyyatına başlayıb.
Pakistanın daxili işlər naziri Möhsin Nəqvi baş verən qətlləri qətiyyətlə pisləyib və həlak olanların ailələrinə başsağlığı verib.
Hücuma görə hələlik heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib. Lakin rəsmilər əvvəllər də oxşar terror aktlarında ittiham olunan qadağan edilmiş "Bəlucistan Azadlıq Ordusu"ndan şübhələnirlər.
Qeyd edək ki, neft və faydalı qazıntılarla zəngin olan Bəlucistan əyaləti uzun illərdir silahlı qarşıdurmaların mərkəzində yer alır. Bölgənin müstəqilliyini tələb edən bir sıra silahlı qruplar, eləcə də qadağan olunmuş "Təhrik-i-Taliban Pakistan" qruplaşması əyalətdə vaxtaşırı həm təhlükəsizlik qüvvələrinə, həm də mülki əhaliyə qarşı hücumlar təşkil edirlər.
Aminə ŞAHSUVARQIZI













