Türkiyənin Moskvadakı səfirliyinin binasında yanğın baş verdi

 20:32 29.11.2026     38

Moskvanın mərkəzində, 7-ci Rostovski döngəsində yerləşən Türkiyə səfirliyinin binasında yanğın qeydə alınıb.

Redaktor.az msk1.ru saytına istinadən xəbər verir ki, 1914-cü ildə inşa edilmiş tarixi binanın ikinci mərtəbəsindəki xidməti mənzillərdən birində mebel alovlanıb.

Məlumata görə, hadisə zamanı binada olan 20 nəfər müstəqil şəkildə təxliyə olunub. Yanğın təxminən 1 kvadratmetr sahəni əhatə edib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə Baş İdarəsindən bildirilib ki, yanğınsöndürənlər hadisə yerinə çatana qədər alov artıq söndürülüb. İlkin məlumatlara əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb.

Hazırda yanğının başvermə səbəbləri araşdırılır.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən