Xalq silah ixracı qaydalarının yumşaldılmasına "hə" dedi - İsveçrədə referendum
İsveçrə vətəndaşları ölkədə keçirilən referendumda silah ixracı qaydalarının yumşaldılmasını dəstəkləyiblər.
Redaktor.az İsveçrə Radio və Televiziyasına (SRF) istinadən xəbər verir ki, yekun nəticələrə görə, seçicilərin 54,3 faizi hərbi materiallar haqqında qanuna düzəlişlərin lehinə, 45,7 faizi isə əleyhinə səs verib. Səsvermədə seçici fəallığı 48 faiz təşkil edib.
Qəbul edilən dəyişikliklər hərbi məhsulların 36 Qərb tərəfdaş ölkəsinə ixracını sadələşdirir. Yeni qaydalara əsasən, müəyyən şərtlər daxilində həmin ölkələr özləri silahlı münaqişədə iştirak etsələr belə, İsveçrədən silah ala biləcəklər. Bundan əlavə, alıcı dövlətlərdən əldə etdikləri hərbi texnikanı üçüncü ölkələrə ötürməyəcəklərinə dair zəmanət vermək artıq hər zaman tələb olunmayacaq.
Bununla belə, İsveçrə hökuməti xarici siyasət, neytrallıq və təhlükəsizlik mülahizələrinə əsaslanaraq bu cür zəmanətləri tələb etmək və ya tədarükü bloklamaq hüququnu özündə saxlayır. Ukraynaya birbaşa və dolayı silah təchizatına qoyulan qadağa isə qüvvədə qalır.
Xatırladaq ki, sözügedən düzəlişlər Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi fonunda İsveçrənin müdafiə sənayesinə artan təzyiqlər səbəbindən 2025-ci ilin dekabrında parlament tərəfindən qəbul edilmişdi. Avropalı tərəfdaşlar zəruri hallarda İsveçrə texnikasını digər ölkələrə ötürə bilməyəcəkləri və ya ehtiyat hissələrinin tədarükündə məhdudiyyətlərlə üzləşəcəkləri təqdirdə, İsveçrə silahlarını almaqdan imtina edəcəkləri barədə xəbərdarlıq etmişdilər.
"GFS Bern" tədqiqat institutunun analitiki Lukas Qolder səsvermənin nəticəsini daha çevik təhlükəsizlik siyasətini dəstəkləyən seçicilərin uğurlu səfərbərliyi ilə əlaqələndirib. SRF-in şərhçisi Nik Meyer isə qeyd edib ki, uzun illər sərt ixrac məhdudiyyətlərini dəstəkləyən mərkəzçi Mərkəz Partiyasının Ukraynadakı müharibənin təsiri ilə mövqeyini dəyişməsi referendumun nəticəsində həlledici rol oynayıb.
Qeyd edək ki, qanuna dəyişiklikləri İsveçrə Xalq Partiyası, Azad Demokrat Partiyası, Mərkəz Partiyası, Yaşıl Liberal Partiyası, eləcə də sənaye və biznes dairələri dəstəkləyib. İslahat tərəfdarları bunun müdafiə sektorunun rəqabət qabiliyyətini artıracağını və minlərlə iş yerinin qorunmasına kömək edəcəyini bildiriblər.
Sosial Demokrat Partiyası, Yaşıllar, Evangelist Xalq Partiyası, pasifist təşkilatlar, həmçinin "Amnesty International" və "Caritas" kimi nüfuzlu QHT-lər isə təkrar ixrac nəzarətinin zəiflədilməsinin İsveçrə silahlarının münaqişə zonalarına yol tapmasına şərait yaradacağını əsas gətirərək dəyişikliklərə qarşı çıxıblar.
Aminə ŞAHSUVARQIZI













